14 Oktyabr 2019
13 Oktyabr 2019
Altay Həsənov dünya çempionatına hazırlıqdan DANIŞDI
Altay Həsənov dünya çempionatına hazırlıqdanDANIŞDI İDMAN 18:37 2019-09-11

"Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.

AGF-nin vitse-prezidenti A.Həsənov bildirib ki, çempionata hazırlıq işləri yüksək səviyyədə gedir: "Sentyabr ayının 16-dan 22-ə kimi Bakıda bədii gimnasika üzrə 37-ci dünya çempionatı keçiriləcək. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. İlk dəfə Azərbaycanda 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatı keçirilmişdi. İlk dəfə idi ki, Olimpiya idman növləri içərisində belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilmişdi. O vaxtdan sonra biz dəfələrlə Avropa çempionatları, dünya kubokları keçirmişik və müəyyən təcrübə toplamışıq".

A.Həsənov vurğulayıb ki, Bakıda keçirilən bu dünya çempionatına böyük maraq var: "Çempionatda 61 ölkə iştirak edir. Biletlərin satışına gəlincə, deyərdim ki, onların 45 faizi xaricdən alınıb. İnanıram ki, burada iştirak edəcək tamaşaçılar bizim komandaya dəstək olacaq. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm. Əsas hədəfimiz lisenziya qazanmaqdır. Bilirsiniz ki, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan bizim üçün çox vacibdir".

Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.