Ermənistan prezidentini gözləyən dəhşətli aqibət
Ermənistan prezidentini gözləyən dəhşətli aqibət

İşğalçı ölkənin xalqına qənim kəsilmiş quldur indi nə edəcək?

Ermənistan prezidenti Serj Sarkisyan istənilən formada rəqabətə nifrət edir, ləyaqəti və şərəfi olan insanları düşmən sayır. Məhz bu səbəbdən o, bütün cib diktatorları və idiotik siyasət yürüdən başabəla dövlət başçıları kimi, ətrafına siyasi meyitləri yığıb.

Sarkisyan ölkənin müxalifət düşərgəsini maksimum dərəcədə zəiflətməyə, dağıtmağa, siyasi mühiti boş çölə döndərməyə çalışaraq natamamlıq kompleksindən və çoxsaylı qorxularının öhdəsindən gəlməyə can atır.

Qana boyanmış küçələr
və axsaq ördək

2007-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələri o vaxt Ermənistan Respublika Partiyasının sədri vəzifəsinə təyinat almış Sarkisyanı sevindirmiş, ümidləndirmişdi. O düşünürdü ki, 2008-ci ildəki prezident seçkilərini də sırf formal tədbir kimi keçirərək, əvvəlcədən hesablanmış nəticələri rəsmiləşdirmək olar.
Sarkisyanın fikrincə, seçkilərin nəticələrini tam saxtalaşdırmaq və nəticələri istədiyi kimi dəyişməklə "90 faizlik dəstək almış namizəd" kimi prezident kürsüsündə rahatlıqla oturacaq. Lakin hər şey planlaşdırılan kimi alınmadı.
Sabiq prezident Levon Ter-Petrosyan böyük siyasətə qayıtmaq qərarına gəldi, prezident seçkilərinə qatıldı və Sarkisyanın çox ciddi rəqibinə çevrildi. Bu isə Ermənistanın Səddam Hüseyni olmağa çalışan Sarkisyanın planlarını alt-üst etdi.
Sonucda prezident seçkilərində amansız rəqabət oldu və yalnız total saxtakarlıq, nəticələrin fırıldaqlarla dəyişdirilməsi, sonra da küçələrə çıxaraq Sarkisyana lənət oxuyan yürüşün gülləbaran edilərək 10 nəfərin qətlə yetirilməsi nəticəsində Serj Sarkisyan prezident oldu.
Amma "axsaq ördək" statusunda.

Sarkisyan hansı
yolla gedəcək?

Yerevandakı prezident iqamətgahına düşəndən sonra Serj Sarkisyanın bütün səyləri hakimiyyətdə qalmağa, siyasi müstəvidə bütün rəqiblərini xəyanətkarlıq, ələ alma, təzyiq göstərmək, qorxutmaq və intriqalar vasitəsilə zəiflətməyə, heydən salmağa yönəldi.
Keçmiş prezident Robert Köçəryanın yaratdığı, sonra da sədr postuna oliqarx Qagik Sarukyanı qoyduğu "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) 2011-ci ilin fevralında koalisiya memorandumunu imzalamağa vadar olunması, sonra da Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin "dialoqlaşdırılması" parlamentə seçkiləri rahat keçirmək məqsədi güdürdü. Sarkisyan siyasi meydanı qəbristanlığa döndərmək istəyirdi.
Ermənistan prezidenti ÇEP-in onun başçılıq etdiyi Ermənistan Respublika Partiyası ilə eyni siyahıda seçkiyə qatılmasına, Ermənistan Milli Konqresinin isə ümumiyyətlə, parlamentdə yer almamasına can atırdı.

Amma yenə də alınmadı.

ÇEP seçkilərə ayrıca qatıldı və de-fakto Sarkisyanın partiyasına qalib gəldi. EMK isə müxalifət düşərgəsinin lideri, daha doğrusu, ana müxalifət statusunu qorudu.
Bütün bunlar Sarkisyanın planlarında olmadığından o, indi seytnot vəziyyətindədir.
Ermənistan prezidenti 2008-ci ilin yenidən yaşanmasını və prezidentlik kürsüsünə yiyələnməsinə imkan verən seçkilərin keçirilməsini arzulayır. Fəqət, belə ssenari, çətin ki, reallaşsın. 4 il əvvəl Sarkisyan alternativsiz şəkildə prezidentlik mandatına yiyələnməyə can atsa da, onun "uğur"u Pirr qələbəsi oldu. İndi isə Sarkisyanı daha çətin seçkilər, daha çətin günlər gözləyir.
Artıq xəbər verdiyimiz kimi, "Çiçəklənən Ermənistan" Partiyası seçkilərə öz namizədilə qatılmaq niyyətindədir və Erməni Milli Konqresi də əvvəlki illərdən fərqli olaraq, zərrə qədər güzəştə gedən deyil.
Belədə erməni müxalifətinin "Konsensus çıx Serj Sarkisyan" planını həyata keçirməyə real şansları yaranır.

Onda və indi

Əslində, 2008-ci ildəki situasiya əsasən indi də yaşanır, amma bir sıra əhəmiyyətli fərqlər var.
Əvvəla, "Çiçəklənən Ermənistan" Partiyasından prezidentliyə Qagik Sarukyan və ya Vardan Oskanyanın namizədliyindən asılı olmayaraq, vəziyyət həmin partiyanın xeyrinə işləyir.
Çünki 2008-ci ildə Levon Ter-Petrosyanla bağlı situasiyadan fərqli olaraq ictimai və siyasi konsolidasiya Sarkisyana qarşı çıxacaq namizədin tərəfində olacaq. Levon Ter-Petrosyan 4 il əvvəlki seçkilərdə güclü xalq etirazları dalğasını qaldırmağa nail olmuşdusa, indisə "Çiçəklənən Ermənistan" Partiyası, Erməni Milli Konqresi və Erməni İnqilabi Federasiyası-Daşnaksutyun səylərini birləşdirsələr, əvvəlki səhvlərə yol verməsələr və bir-birlərinə qarşı xəyanət etməsələr - Sarkisyanı asanlıqla hakimiyyətdən rədd edə bilərlər. Bu qüvvələrə Raffi Ovanisyan da birləşə bilər: onun sonradan komandasını Sarkisyanın adamlarından təmizləmək və milli birlik hökumətinə daxil olmaq şansları var.
Bundan başqa, Qagik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" Partiyası maliyyə və təşkilati resurslar baxımından iqtidardakı Ermənistan Respublika Partiyasından qətiyyən geri qalmır. Bunu da unutmayaq.
Və ən nəhayət, Ermənistanda indi mövcud olan siyasi-iqtisadi vəziyyət əvvəlki prezident seçkilərinin keçirildiyi dövrlə müqayisədə dəfələrlə ağır, pisdir. Yerevandakı hakimiyyət aparatı çürümüş, pas atmış vəziyyətdədir. İqtidar komandasındakı nazirlər və yüksək vəzifəli məmurlar belə, prezident Serj Sarkisyan, onun kürəkəni Mikael Minasyan və baş nazir Tiqran Sarkisyanın qurmağa çalışdıqları "bir oliqarxın iqtisadiyyatı" idefiksindən iyrəniblər.
Serj Sarkisyanın daxili işlərlə yanaşı, xarici siyasətdə də böyük uğursuzluqlara düçar olduğunu nəzərə alsaq, detallar daha qabarıq görünür.
Sarkisyanın vəziyyəti həm də ona görə ağırdır ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində hakimiyyətin əsas opponenti Levon Ter-Petrosyan qədər səs yığmış Artur Baqdasaryan vardı. "Orinas Yerkir" Partiyasının sədri sabiq prezidentin elektoratından xeyli seçicini özünə çəkdi, sonra da Serj Sarkisyana birləşdi. İndisə Sarkisyanın belə marionetkası olmadığından hakimiyyətə qarşı mövqe tutanların səsləri paylanmayacaq.
Aram Sarkisyan, David Şaxnazaryan, Nikol Paşinyan nə qədər çalışsalar da, Artaşes Gegamyan və ya Artur Baqdasaryana çevrilə bilməyəcəklər. Çünki yeni müştərilərin maskaları vaxtından əvvəl yırtılıb. Həm də onlarda nə Baqdasaryanın elektoratı, nə də Gegamyanın ustalığı yoxdur.
Ermənistan prezidentinin vəziyyətini ağırlaşdıran bir başqa məqam isə Gürcüstandakı parlament seçkiləridir. Tiflisdəki nəticələr və müxalifətin majoritar sistemlə qalib gəlməsi Ermənistanda hadisələrin analoji məcrada inkişafına əlverişli ton yaradır.
Serj Sarkisyanın mənəviyyatsız, əxlaqsız və yaramaz siyasəti, rəsmi Yerevanın uzaqgörənlikdən bilmərrə məhrum olması iqtidarın özünə qarşı çevrilməyə başlayıb.
Yerevanda hakimiyyət dəyişikliyinin qiyam və ya üsyansız, dinc yolla reallaşması isə Sarkisyanın özündən asılıdır. Əgər o, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmağa çalışarsa, Ermənistanın dövlət başçısını Nikolae Çauşesku, Hüsnü Mübarək və ya Müəmmar Qəzzafinin taleyi gözləyir.
Ermənistan üçün ən əlverişli variant prezidentin Viktor Yuşşenko və ya Mixeil Saakaşvili kimi kənara çəkilməsidir.
Serj Sarkisyan indi nə edəcək?
Novruz Sultanov