Tanınmış hüquqşünas Firudin Ələkbərli bu gün səhər saatlarında Tovuzda baş verən silahlı insident zamanı yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Cinayətdə günahlandırılan “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. Təqsirləndirilən şəxs hadisədən sonra polisə təslim olub. 

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.