14 Oktyabr 2019
13 Oktyabr 2019
DYP yük maşınlarının sürücülərinə müraciət etdi
DYP yük maşınlarının sürücülərinə müraciət etdi CƏMİYYƏT 19:07 2019-09-13

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri sahiblərinə və sürücülərinə müraciət edib.

İdarənin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev Unikal.org-a bildirib ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabr ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.

Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, xüsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur.

Qeyd olunanları nəzərə alaraq, DYP sürücülərdən və avtomobil ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunmasını xahiş edib: “Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar”.