Bir neçə gün öncə Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Eldar Namazov və bir sıra ictimai şəxslər iştirak ediblər. Müzakirələrdən sonra Dəyirmi masada bəyanat qəbul edilib. Bəyanatda qeyd olunub ki, “Dəyirmi Masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə ortaq məxrəcə gəlməyi bəyan ediblər.

"Unikal" qəzetinə müsahibə verən müzakirələrdə iştirak etmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev görüşlə bağlı fikirlərini bölüşüb.

-Əli bəy, öncə bu görüş təşəbbüsü barədə fikirlərinizi bildirərdiniz? Bu təşəbbüsü və onun gerçəkləşməsini necə qiymətləndirirsiniz?

- Bu görüş zahirən bir parlament Partiyasının -Ana Vətənin - tədbir təşəbbüsüdür. Sözsüz ki, siyasətdə hər iş zahirlə bitmir. Bu vaqeənin də pərdəarxası məqamları ola bilər. Lakin burada söylənənlər ehtimaldır. Misal üçün: hakimiyyət bu tədbirlə nəbz yoxlaması həyata keçirir;
- hakimiyyətin daxilindəki qruplardan biri təşəbbüs nümayiş etdirir ;
- müxalifəti parçalamaq cəhdi.
Belə versiyaları artırmaq olar, düzünü Allah bilir.
Fikrimcə, arxasında nəyin gizlənməsindən asılı olmayaraq, iqtidarla müxalifətin müzakirə apardığı tədbir müsbət qiymətləndirilməlidir. Hər belə təmas gərginliyi azaltmaq potensialını daşıyır.

-Görüşdə müxalif tərəf olaraq, fikirlərinizi bildirdiniz. YAP-nümayəndələri iradlarınıza öz mövqelərini bildirdilər. Yəni, bunu dialoqun ilkin mərhələsi kimi dəyərləndirmək olarmı?

- Hələlik bu tədbirə dialoq statusu vermək tezdir. Çünki dialoq belə olmur. Bu tədbir bir partiyanın keçirdiyi dəyirmi masadır.

-Sizcə, bu cür müzakirələr cəmiyyətə nə verə bilər?

- Belə təmaslar çox mühümdür. Cəmiyyətdə danışmazlıq, məsafəli münasibətlər təhlükəli kinetika daşıyır. Bütün problemlərin həlli yolu danışıqlardır. Bütün müharibələr danışıq masasında yekunlaşmırmı? Yeri gəlmişkən, bir detalı qiymətləndirmək istərdim. Bu tədbirə müxalifətdən də ciddi təpki var. Əlbəttə ki, mən də bəzilərinin dəvət almamasına pis yanaşıram. Lakin birinci addım kimi danışa, müzakirə apara bilənlərin bir araya gəlməsində ziyanlı bir iş yoxdur. Dözümlü olmaq lazımdır.

-Görüşün sonunda birgə bəyanat verildi. Bəndlərdən biri belədir: Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu quruculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir. Buna əməl olunması üçün təklifləriniz nədir?

-Bəyanatda bizim təkliflərimiz nəzərə alınıb. Ordu bizim and yerimiz olmalıdır. Ordu quruculuğu, Qarabağ müharibəsi müxalifətçilik mövzusu deyil. İşğal məsələsinin ümummilli problem olması elan edilməli, bunun üçün iqtidar məsuliyyəti bölüşməyi, müxalifətlə danışıqlara başlamalıdır.

- Seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu hamımız qəbul edirk. Sizcə, bizə bu təhdid hansı istiqamətdə gələ bilər?

- Təhdidin istiqamətini axtarmaq lazım deyil. Belə daxili şərtlərdə, təzyiqi hamıdan gözləməliyik. Əsas məsələ, "nəyə görə bu vəziyyətdəyik? " sualıdır. Ölkədə siyasi idarəçilik bərbaddır. Dövlət sütunları sarsıdılıb. Sabitlik və dayanıqlıq vasitələri zəiflədilib.

 - Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımların birmənalı şəkildə müdafiə ediləcəyi bəyan olundu. Sizcə, hər kəsin Qarabağla bağlı vahid mövqedə olması müsbət deyilmi?

-Çox müsbət haldır. Əslində qanında Azərbaycanlı qanı axan heç bir kəs işğalla barışmaz. İnanmıram ki, iqtidar nümayəndələri də bu ovqatdadırlar. Etirazım, onlarda prioritet məsələsidir. İqtidar qərar verənləri əvvəl hakimiyyət, sonra Qarabağ deyirlər. Belə olmalı deyil. Şəxsən mən, hər işdən əvvəl Qarabağdır deyirəm. Qarabağsız Azərbaycan yoxdur. Burada şəxsi mənafelər kənara qoyulmalıdır. Baxışlarımızdakı fərq bu qədərdir.

-Əli bəy, son olaraq bir məqamla bağlı da fikirləriniz bilmək istərdirk. Bu görüşə dəvət olunub gəlməyənlər və dəvət olunmayan siyasi partiyalar oldu. Bu barədə sizin fikriniz nədir. Gəlməyənlər dialoqu qəbul eləmir, dəvət olmayanlar isə narazıdır. Siz nə düşünürsünüz?

-Əvvəla, tədbirin dialoq olmadığını hamı qəbul etməlidir . Gələcək üçün, belə kövrək durumda süni təsnifat yolverilməzdir. Hamının bu çapda tədbirlərə dəvət edilməsi yaxşı olardı. Dəvət olarsa, artıq gəlməyənlərin, belə təmaslardan imtina edənlərin məsuliyyət payından danışmaq olar. Mənə görə, belə tədbirlərin faydası var. Gələcəkdə onların intensivliyini və əhatə dairəsini genişləndirmək zəruridir.

-Bir sualım da var. Növbəti görüşlərə hansı təkliflərlə getmək niyyətindəsiz? 

-İnşallah baxarıq. Görək, hələ nə olacaq. Tədbirin adına və formatına uyğun da təkliflərimiz olacaq.

Z.Məmmədli