Azərbaycan yığması Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci günündə 2 medal qazanıb.

Unikal.org-un məlumatına görə, milli üzvlərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc mükafata sahib olub. 

İlk medal günündə təmsilçilərimizdən mübarizəyə öncə Eldəniz Əzizli qoşulub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan 3-cü yer uğrunda amerikalı Maks Emilyano Nouri ilə üz-üzə gəlib. Görüş E. Əzizlinin təmiz qələbəsi ilə yekunlaşıb. Rəqibinə cəmi 39 saniyəyə qalib gələn (8:0) güləşçi mundialı bürünc medalla bitirib. 

Finaladək 4 qarşılaşmada qalib gələn Rafiq Hüseynov həlledici görüşdə gürcüstanlı Laşa Qobadze ilə qüvvəsini sınayıb. O, qələbə seriyasını davam etdirə bilməyib. İlk hissədə 0:5 hesabı ilə geri düşən güləşçi sonradan fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib - 3:5. R. Hüseynov ikinci yerlə kifayətlənib.