Bilik Günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov başda olmaqla, RİH-nin məsul işçiləri, idarə müəssisə rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər  iştirak ediblər. 

Unikal.org xəbər verir ki bu səpkidən olan tədbirlərdən biri də Qubadlı rayon Çaytumas məktəb liseyində təşkil olunub. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yığıncaq açıq elan edildikdən sonra çıxış edən RİH-nin başçısı Malik İsaqov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Bu gün də təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biridir. Başçı qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Sonra RİH başçısı Malik İsaqov Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edərək vurğuladı ki, rayonda  32  ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2018/2019-cu tədris ilində  Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və Şəhər-4 saylı tam orta məktəbləri yeni məktəb binalarında fəaliyyətə başlamış, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilir. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanmışdır. Cari ildə  442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  77% təşkil edir. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Sonra tədbirdə çıxış edənlər qeyd etdilər ki, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil məktəbləri tikilir və bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Həmçinin tədbirdə çıxış edənlər bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq  yetişmələrini arzuladılar.  “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlandı.