15 Oktyabr 2019
İnam Kərimov Aqrar Universitetdə - FOTO
İnam Kərimov Aqrar Universitetdə -FOTO CƏMİYYƏT 18:25 2019-09-17

Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub

Unikal.org xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov 2019/2020 tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, nazirliyin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir, fermerlərə subsidiyalar və güzəştli kreditlər verilir: “Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb”.
Nazir İnam Kərimov ADAU-nun Mühəndislik fakültəsinin əsaslı təmir olunmuş mərtəbəsi, “Erasmus+” proqramı çərçivəsində Nizami layihəsi üzrə doktorant mərkəzi, Elektron Energetika Laboratoriyası, Təlim-Məsləhət Mərkəzi, Biotexnologiya və biokimya laboratoriyası, Bitkiçilik auditoriyası, Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsində elmi-tədqiqat, balıq yetişdirmə laboratoriyalarına baxış keçirib. Yeni fəaliyyətə başlayan ADAU TV internet televiziyasının studiyası ilə tanış olan nazir kollektivə uğur diləyib. Daha sonra nazir İnam Kərimov 1034 yerlik Tələbə Evində tələbələr üçün yaradılan şəraitlə tanış olub. Nazir İnam Kərimov  Aqrotexnologiya fakültəsinə, Magistr Hazırlığı Mərkəzinə, Aqrar İqtisadiyyat fakültəsinə,  eləcə də tədris-təcrübə təsərrüfatında heyvan kəsimi məntəqəsinə, tədris-təcrübə fermasına baş çəkib.  Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının maddi-texniki bazasının təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Kənd Təsərrüfatı naziri həmçinin ADAU-nun yeni tədris korpusunun tikinti işləri ilə maraqlanıb.   
Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə 1185, 2018/2019-cu tədris ilində 1292 tələbə qəbul olunub. Bu il universitet tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1315 nəfərə çatıb. 2019/2020 tədris ilində bu ali təhsil ocağına tələbə qəbulu planı 92% yerinə yetirilib. 
Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. 
 


  • İnam Kərimov Aqrar Universitetdə -FOTO
  • İnam Kərimov Aqrar Universitetdə -FOTO