Etibar Pirverdiyev bank sahibi oldu?
Etibar Pirverdiyev bank sahibi oldu?
"Expressbank"ın "Azərenerji" şefinin nəzarətinə keçdiyi deyilir

"Azərenerji" prezidenti Etibar Pirverdiyev "Ekspressbank" Açıq Səhmdar Cəmiyyətini (ASC) öz nəzarətinə keçirib. İndi bu bank "işıq şefi"nin biznes imperiyasına daxildir. Bu barədə məlumatlı mənbədən bildirilir.
Qeyd edək ki, bir neçə ay öncə mətbuatda xüsusi diqqət çəkməyən bir məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, yaxın vaxtlarda Qırğızıstanda Azərbaycan kapitallı investisiya-kommersiya bankının yaradılması planlaşdırılır.Bu məsələnin Qırğızıstan paytaxtı Bişkekdə bu ölkənin baş nazirinin I müavini Alı Karaşevin "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edildiyinin vurğulandığı xəbərdə daha sonra deyilirdi ki, Qırğızıstan hökumətindən verilən məlumata görə, görüşdə müxtəlif sahələr, o cümlədən həmin ölkədə mineral gübrə və yağ zavodlarının inşası, təbii ehtiyatların istismarı, energetika, eləcə də bu ölkədə Azərbaycanın investisiya-kommersiya bankının yaradılması kimi birgə investisiya layihələrinin icrası perspektivləri müzakirə edilib.
Bununla yanaşı, tərəflər Qırğızıstan ərazisində Qırğızıstan-Azərbaycan-Qazaxıstan neft emalı zavodunun tikintisi layihəsinin həyata keçirilməsini müzakirə edib və texnoparkların yaradılması sahəsində fikir mübadiləsi aparıblar. Bundan başqa, Azərbaycan tərəfi Qırğızıstanda idxalı əvəz edən məhsulların istehsalının təşkilində maraqlı olduğunu bildirib.
O da maraqlıdır ki, Qırğızıstana səfər edən Azərbaycan nümayəndə heyətinə "Azərenerji" nümayəndələri ilə yanaşı, "Azenco" ASC və "Expressbank" ASC-nin nümayəndələri də daxil olub.
"Azenco"nun Etibar Pirverdiyevə bağlılığı hamıya məlumdur. "Azərenerji" zatən Pirverdiyevin rəhbərliyi altındadır. Mənbəmiz onlarla bərabər "Expressbank" ASC-nin nümayəndələrinin də "işıq şefi" ilə bərabər səfərə yollanmasını və Qırğızıstandakı biznes danışıqlarına qatılmasını adıçəkilən bankın da Etibar Pirverdiyevin nəzarətinə keçmiş ola biləcəyi ilə əsaslandırır. Və vurğulamaq yerinə düşər ki, belə bir əsaslandırma da kifayət qədər məntiqli, ağlabatan görünür.
Araşdırmalarımız nəticəsində müəyyənləşdirdik ki, "Expressbank" ASC 1989-cu ildən 2010-cu ilə dək "Azərnəqliyyatbank" ASC kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla bankda xeyli dəyişikliklər baş vermişdi. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən və yeni strategiyaya uyğun olaraq, "Azərnəqliyyatbank" ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlamışdır. Bu prosesin nəticəsi olaraq bank adını "Expressbank" ASC-yə dəyişmiş və 5 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçmişdir.
Tamamilə mümkündür ki, "Expressbank"ın Etibar Pirverdiyevin nəzarətinə keçməsi məhz buradan başlayır; yəni iki il əvvəl yeni brend altında qeydiyyatdan keçən bank həm də "əl dəyişdirib". Mənbəmiz də belə bir ehtimalın real ola biləcəyini istisna etmədi.
Onu da deyək ki, "Azərenerji" prezidentinin Qırğızıstanda müzakirə etdiyi məsələlərin heç birinin onun səlahiyyətlərinə aid olmaması diqqətçəkicidir. Buradan da belə nəticəyə gəlmək olar ki, əslində Pirverdiyevin səfəri sırf şəxsi biznes xarakterlidir; söhbət onun həmin ölkədə də biznes qaynaqlarına malik olması üçün danışıqlar aparmasından gedir.
Azər Aslan