16 Oktyabr 2019
Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)
Nazirlik qaziyə problemli maşın verdi -O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI) CƏMİYYƏT 11:20 2019-09-19

Qarabağ Müharibəsi əlili, Berkut Asif ləqəbli Biləsuvar sakini Həşimov Asif Gülverdi oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən problemli avtomobildən imtina edib.

Unikal.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Həşimov Asif Gülverdi oğlunun özü məlumat verib:

"Dedilər, sentyabrın 17-də avtomobili "Azsamand”ın zavoduna gətirim. Zavodda məni səmimi qəbul etdilər. Ancaq oranın iranlı rəhbəri bu məsələni ictimailəşdirməyimi mənə irad tutdu. Saytda bu haqda xəbər gedəndən sonra başqa media orqanları da məsələni işıqlandırdı. Dedi ki, biz zavoddan avtomobilləri saz vəziyyətdə veririk və sən də qəbul etmisən. Mən isə hələ maşını təhvil alanda onun nasaz olduğunu yerindəcə demişəm, ancaq deyiblər, problem deyil, düzələcək, ictimailəşdirmə. Bunların nə düşündüyü, nə etmək istədiyini anlamıram. Belə başa düşürəm ki, Qarabağ əlillərinə yuxarıdan-aşağı baxırlar". 

Qarabağ Müharibəsi əlili qeyd edib ki, zavodda avtomobilin bərpa olunub ona təhvil veriləcəyi bildirilib. Lakin heç zavodun ustası da maşının probleminə əncam qıla bilməyib: 

"Mənə dedilər, maşını burada düzəldəcəyik. Saat yarım orada gözlədim. Bir yerini düzəltdilər, bir yeri qaldı. Ustaya dedim ki, səni and verirəm Allaha, səmimi de, sən bu vəziyyətdə olan maşını qəbul edərdin? Durub üzümə baxdı. 

İranlıya da dedim ki, siz maşın düzəltmək üçün İrandan deffekt mallar gətirmisiniz. Mənə deyir ki, bu, necə olur, heç kimdə problem olmadı, bircə səndə oldu? "Bu maşın, bu da sən, qardaş, düzəlt ver”, - dedim. Qaldı ki, maşının sənəd məsələsi, pasportda "Xəzər" yazılıb, amma üzərində "Azsamand"ın loqosu var. Deyir yox e, bu onların atributudu, nədi, mənim başım çıxmadı. Bildiyim tək bir şey var, onlar bizi aldadır. Mənə verilən maşın sökülüb yenidən yığılmalıdır. Çünki başdansovdu edirlər. Ən azından Qarabağ əlillərinə hörmət qoymaq lazımdır. Rövşən Atakişioğlunun "Ayağım torpaqdan üzüləndə" kitabında 105-ci səhifədə mənim erməninin üzərindən 5 avtomat götürüb təhvil verməyimlə bağlı yaz var. Buna kimi onlara göstərdim ki, bəlkə ürəkləri yumşalar, əziyyətimə qiymət verələr. O da olmadı. Bizim çəkdiyimiz əziyyətlərə hörmətsilzik edirlər". 

Həşimov Asif maşını istehsal edən zavod rəsmilərinin dövlətin bu avtomobillər üçün ayrılmış pulundan istifadə etdiyini deyib:

"Texniki pasportda ən azından mənim ad-soyadım olmalı idi. Əgər bunlar doğrudan da bunu mənə veriblərsə, o xüsusi qeyddə niyə mənim adım yoxdu?! Belə çıxır ki, yalan danışırlar, avtomobili mənə təhvil verməyiblər. Maşını da yığa bilmədilər deyə, zavodda qoyub qayıtdım evə. Mənə dedilər, maşından imtina edirsən? Dedim, maşından imtina etmirəm, sırf bu maşından imtina edirəm. Çünki bu avtomobil yararsızdır. 3-5 gündən sonra dağılanda deyəcəklər ki, bu maşını niyə bu günə qoydun. Mən bu sözü eşitməmək üçün maşını orda qoyub çıxdım. Təsəvvür eləyin, maşının kuzovunun heç bir hissəsi bir-biriylə uzlaşmır, aralı qalır, içəri toz-torpaq dolur. Özləri də deyir ki, bütün maşınlar belədi, bundan artığı mümkün deyil. Yoxsa bizi ələ salırlar? Bunun yanında "Oka”ya min şükür. Dövlət niyə bu cür yararsız maşın üçün pul ayırmalıdır axı? İndi görün, dövlətimiz bu avtomobillər görə nə qədər pul ayırıb. İranlı da dedi ki, bizim pullarımız ödənib. Bunların pulu ödənibsə, yararsız maşınları bizə niyə verirlər? Sən pulu almısansa, pulun müqabilində iş görməlisən. Bizi bu hərəkətləri ilə aşağılayırlar. Bunlar başdansovdu iş görürlər və sadəcə pulu düşünürlər. Bizim adımızdan istifadə edərək pul yığırlar. Maraqlıdır ki, nazirlik yararsız maşını niyə qəbul edir?! Heç maşına aid təlimat kitabçası da yoxdur. İstədim, onu da vermədilər. Bu necə zavoddur, başım çıxmır".

Qeyd edək ki, avtomobil Həşimov Asif Gülverdi oğluna 28 may 2019-cu il tarixində dövlət tərəfindən verilib. Maşında problem olması ilə bağlı Qarabağ qazisi bir çox dövlət orqanlarına şikayət məktubu ünvanlasa da, heç birindən cavab çıxmayıb.



  • Nazirlik qaziyə problemli maşın verdi -O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)
  • Nazirlik qaziyə problemli maşın verdi -O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)