Mahir Qabiloğlunun “İTBAŞI” romanının 2-ci hissəsi artıq oxucuların ixtiyarına verilib.

Müəllifin sayca 12-ci olan bu kitabının redaktoru Eldəniz Elgün, bədii tərtibatçısı Zaur Qafarzadədir. 310 səhifədən ibarət olan 2-ci hissə “Adiloğlu” nəşriyyatında çap edilib.

Kitabın annotasiya hissəsində radaktor Eldəniz Elgünün aşağıdakı fikirləri yer alıb: “Yazıçı Mahir Qabiloğlunun “İtbaşı” romanı (1-ci və 2-ci hissələr) əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə hadisələr məchul bir Şərq ölkəsində baş versə də, əsəri oxuyandan sonra görürsən ki, müəllif Qərb dövlətlərinin, krallıqlarının vəhşi qaydalarla formalaşdığı zamanı əks etdirib. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları, kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə, böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçün yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər.
Bir sözlə Mahir Qabiloğlunun “İtbaşı” romanı təpədən-dırnağa qədər alt şüurun məhsulu olmaqla, Azərbaycan ədəbiyyatına həm də yeni üslub və fəlsəfi cərəyan gətirdi”.