12 Noyabr 2019
11 Noyabr 2019
Allah adı çəkilmədən öldürülən heyvanlar niyə leş adlanır?
Allah adı çəkilmədən öldürülən heyvanlar niyə leş adlanır? CƏMİYYƏT 16:28 2019-09-19

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Dünyanın bəzi ölkələrində antisanitar vəziyətinə düşməyən ölmüş heyvan ətini yeyirlər. Azərbaycan müsəlman ölkəsi olduğu üçün insanlar ölmüş heyvan ətini yeməyi haram bilirlər.

Bəs İslam dini bu barədə nə deyir?

İlahiyyatçı-alim Samid QULİYEV bu barədə Unikal.org-a geniş açıqlama verib. 

"“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin...” Bəqərə surəsi, 168

İnsanların sağlamlığı üçün qida məhsullarına diqqət etməsi zəruridir. Bu məsələ bütün dünyada günün aktual mövzularından biridir. Gündəlik olaraq qəbul etdiyimiz  qidalar orqanizimizlə yanaşı ruhumuza da təsir edir. Allah-Təalanın bəxş etdiyi çoxçeşidli halal qidalar insanın daha da sağlam yaşamasına, zehni inkişafına köməklik göstərir. Bunun üçün təkcə haram qidalardan deyil, həmçinin şübhəli qidalardan da qorunmaq lazımdır.

Qurani-Kərimin Həzət Məhəmmədə (s) nazil olması ilə, insan həyatının mənəvi tərəflərinin inkişafı ilə yanaşı onun sağlamlığı da əsas məsələlərdən birinə çevrildi. Bu mövzu İslamda böyük əhəmiyyət daşıyır. İslami qaydalara görə haram yeməkləri yemək, insanın ruhuna mənfi təsir göstərir. Bu baxımdan Allah-Təala Qurani-Kərimdə “Maidə” surəsinin 88-ci ayəsində insanları halal və pak yeməklər yeməyə dəvət edir. Müqəddəs ayədə bu barədə oxuyuruq ki, “Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin...”.

İslam şəriətinə görə yaşlılıq, xəstəlik, yırtıcılar tərəfindən və ya Allah adı çəkilmədən öldürülən heyvanlar “meytə” (leş) adlanır. Qurani-Kərimə əsasən, “meytə” heyvanlarının əti haram olduğu üçün yeyilə bilməz. Bu hökm müqəddəs kitabda 4 surədə (Bəqərə,173; Maidə, 3; Ənam, 145; Nəhl, 115) “qadağan edilmişdir” kəlməsi kimi keçmiş və qəti surətdə qadağandır anlamına gəlməkdədir. Ölü heyvan ətinin satılması da İslam şəriətində haram olan ticarətlərdən sayılır. Bu cür ticarətlə məşğul olmaq insanlara haram yedirtmək, satıcı hüququndan sui istifadə kimi qiymətləndirilir. Birinə verəcək və ya satdığın malı əgər özünə rəva bilmirsənsə onu başqasına rəva bilmək düzgün deyildir.

Ölmüş heyvan əti xəstəliklərə səbəb olmaqla yanaşı insanın beyin hüceyrələrində ciddi fəsadlara yol açaraq genefondu zədələyir. Heyvan qaydalara uyğun kəsilmədiyindən bədəndə yığılıb qalan qan bir başa infeksiya mənbəyinə çevrilir. Tibb işçiləri qeyd edirlər ki, “heyvanlarda immun sistemi olmadığı üçün ətin qorunma texnologiyası sıfıra olur”. Bu da öz növbəsində zərərli bakteriyaların yaranma və yayılmasına təkan verir".