Avropa Liqasında qrup mərhələsi start götürüb.

Unikal.org xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk matçına çıxıb.

A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Azərbaycan çempionu La Liqanın liderini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Sevilya” əsas heyətlə oynamasa da, meydanda dominantlıq edib. Müdafiədə inamlı mübarizə aparan “Qarabağ”ın azsaylı hücumları da yaddaqalan olub.

İspaniya klubunun üstünlüyü yalnız ikinci hissədə hesabın açılması ilə nəticələnib. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Xavyer Ernandes hesabı açıb. 

Hissənin sonlarında “Sevilya” fərqi iki topa çatdırıb. Bu dəfə Munir Asmir Beqoviçi məyus edib. Ardınca isə Oliver Torres də fərqlənmək imkanı tapıb. Beləliklə, “Qarabağ” qrup mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb – 0:3.

Qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub. APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.