“Qızımın o statusu yazmasını məndə istəməmişəm”.

Unikal.org xəbər verir ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Sevinc Osmanqızının verilişində telfon bağlantısı zamanı deyib.

O, bu məqamda övladının hər şeydən əsas olduğunu vurğulayıb: “Mən qızımla əlaqə yarada bilmirəm. Onun hansı gərginlikdə olduğunu hiss edirəm. Mən uzun illər onların anasından əlavə, ictimai fiqur və yazar kimi davranmışam. Bu gün isə Selcanın və Sənayın anası kimi davranmağa qərar verdim. Selcanı yola salanda dedim ki, səni incitməyəcəm və heç vaxt atmayacam. Çünki Selcan qorxulardan və zədələrdən ibarət bir uşaqdır. O mənə dedi ki, ana, ancaq sənin anan səni atdı. Mən indi bu dəqiqə onu atsam, onu məhv etmiş olaram. Yanlışları ilə, doğruları ilə qızımın yanında olacam ki, onun psixoloji durumunu tamamilə normal hala gətirim.

Mən zəif qadın olmamışam. Yaşadığım bütün problemlərin öhdəsindən özüm gələ bilmişəm. Məsələni heç vaxt ictimailəşdirmək istəməmişəm. Özümə və qızlarına güvənmişəm. Bu ölkədə əzilən, şiddətə məruz qalan, məndən də zəif olan insanlar var. Mən o insanlara təşəkkür edirəm ki, bu ölkədə əzilən insanların yanında səmimidirlər. Uzun illərdir ki, ölkənin problemlərini öz şəxsi problemlərimdən üstün tutmuşam.Övladımın bunu ictimailəşdirməsini istəmirdim. Düşünürdüm ki, bu məsələni güclü qadın kimi  həll edib öhdəsindən gələ bilərəm. 
Biz bu ölkədə öz arzularımıza, yaşadığımız haqsızlıqlara da diş sıxmalıyıq. Ölkədə səmimi şəkildə dəyişikliklər etmək istəyən insanlar bir araya gəlməlidirlər”.

Sevinc Osmanqızının verilişində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öz həyat yoldaşına və övladlarına qarşı fiziki şiddət tətbiq etmədiyini də deyib:

“Mən birmənalı olaraq deyə bilərəm ki, bu olmayıbdır. Mən 3 ildən artıq həbsxanada olmuşam. 6-7 aydır azadlıqdayam. Həbsdən öncə ailəmlə müəyyən anlaşılmazlıqlar olub. Bu hər bir ailədə ola bilər. Bu ailədə baş verən haldır. Görünür Selcan öz aləmində bir texnalogiya işlədib. Ailə mübahisəsini bu şəkildə təqdim etmək olmazdı. Mənim ondan qadın hüquqları ilə bağlı yazdığı rəyi silməyimə etirazım bu şəkildə dramatikləşdirərək təqdim edibdir. Sadəcə olaraq bu Selcanın verdiyi emosional reaksiyadır. Bundan uzağa getmir. Mənim təbiətimdə hər hansı zorakı elementi yoxdur. Övladlarımın hər zaman müasir təhsilə yiyələnməsində, ictimai fəallığında dost kimi, yardımçı kimi onların yanında olmuşam. Heç zaman zor dilində nəinki ailə üzvlərimlə, ümumimiyətlə kənar insanlarla belə məqbul saymamışam. Bu mənim təbiətimə ziddir. O baxımdan hesab edirəm ki, yəqin ki, bu anlaşılmazlıq da keçib gedəcək”.