AXCP sədri Əli Kərimli müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərlə bağlı açıqlama yayıb. 

Unikal.org-un məlumatına görə, partiya sədri bununla bağlı feysbukda bildirib ki, müavini Fuad Qəhrəmanlının ailəsində yaşananlar hamını məyus edib: “Kaş ki, bunlar olmayaydı. İndi həqiqətlə yalan qarışıb bir-birinə, emosiyalar gərgindir. Baş verənlərdən səmimi şəkildə nəticə çıxarmaq istəyənlər də, yaranmış vəziyyəti özü üçün fürsət bilənlər də var. Baş verənlər və sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı fikirlərimi sizlərlə tezislər şəklində paylaşıram.

- Əvvəla, Fuad bəyin ailəsində olmuş münaqişə bugünlərdə baş verən hadisə deyil. Mənim bildiyim qədər, onların arasında ailə münaqişəsi 4-5 il bundan qabaq baş verib və o zaman da həll ediblər. Həm Fuad bəyin, həm də Zümrüd xanımın yaxını kimi o zaman ailə münasibətlərində baş verənlərdən (özləri danışdıqları həddə) xəbərdar olmuşam. Qarşılıqlı hörmət və güzəştlə münasibətləri yoluna qoymağı təklif etmişəm. Heç cür mümkün olmayacağı təqdirdə sivil qaydada ayrılmağın son seçim olduğunu demişəm. Sadəcə, tövsiyə verməkdən başqa hansısa təsir mexanizmim yoxdur. Fakt budur ki, həmin mübahisələrdən sonra Zümrüd xanımla Fuad bəy 4-5 ildir ki, birlikdədirlər, ailədirlər. Onları mən zorla birlikdə saxlamamışam. Özləri bu qərarı veriblər. Fuad bəy həbsdə olduğu müddətdə Zümrüd xanım onu ardıcıl olaraq, ən yaxın şəxs kimi müdafiə edib. Fuad bəy azadlığa çıxandan sonra ailədə hər hansı problem yaşanmayıb. Ən azı mən eşitməmişəm. Deməli, onları birləşdirən səbəblər, ayıran məqamlardan çox olub. Fuad Qəhrəmanlının ailəsində baş verənləri şərh edən zaman onu da nəzərə alın ki, Fuad bəy və Zümrüd xanım bu gün də birlikdədirlər, bir ailədirlər.

- Şiddətə qarşıyam. Nəinki qadınlara, hətta kişilərə qarşı da şiddətə, fiziki zorakılığa qarşıyam. “Hamının evində olur” arqumentini qəbul etmirəm. Bilirəm ki, çoxlu sayda ailələr şiddətsiz yaşayırlar. Bütün ailələr şiddətsiz yaşamağı öyrənməlidir. İctimai rəyin, vətəndaş cəmiyyətinin şiddətə qarşı kampaniyasını dəstəkləyirəm.

- AXCP heç kimin (hətta üzvlərinin də) ailə-məişət münasibətlərini tənzimləmək üçün yaranmayıb. Bu, bizim təşkilat olaraq səlahiyyətimizə aid deyil. Ancaq AXCP üçün ailə dəyərləri çox önəmlidir. Biz ailələri qorumaqdan yanayıq. Mümkün olmayanda da sivil, mədəni adamlara yaraşan şəkildə ayrılmanı son çarə kimi görürük.
- Fuad bəyin ailəsində baş verən hadisədən hakimiyyət də, ən müxtəlif səbəblərdən müxalifətə müxalifət olanlar da AXCP-yə zərbə vurmaq üçün sui-istifadə edir. Xalqımız bu kəmfürsətləri görür. Baş verənlərdən səmimi şəkildə narahat olan insanların narahatçılığını isə başa düşürük, tənqidlərini nəzərə alırıq.

- Fuad bəyin rejimlə mübarizəsi hər zaman prinsipial olub. Rejim və yandaşları hazırda ondan apardığı mübarizənin qisasını alırlar. Məqsəd Fuad Qəhrəmanlını siyasətçi kimi bitirmək, AXCP-ni, real müxalifəti sarsıtmaqdır. Fuad bəyi rejimin qurşaqdan aşağı zərbələri qarşısında tək buraxmaq olmaz.

- Baş verənləri fürsət bilib, AXCP-ni qadın hüquqlarına hörmət qoymamaqda qınayanlar böyük səhv edirlər, faktiki bizə böhtan atırlar. Biz hər bir hüququ pozulan qadının yanında olmağa çalışırıq. AXC qurulandan bu təşkilatda qadınlar və kişilər çiyin-çiyinə, bərabərhüquqlu mübarizə aparır. Heç bir partiyada (saxta YAP üzvlərini saymıram) AXCP-də olduğu qədər qadın üzv yoxdur. AXCP qadınların rəhbərlikdə ən çox təmsil olunduğu partiyadır. AXCP sədrinin 1 müavini, Ali Məclis sədrinin hər iki müavini, bütövlükdə Rəyasət Heyətinin 5 üzvü xanımdır. Cəbhəçi xanımlar intellektual, əqidəli və mübarizdirlər. Onlarla fəxr edirəm”.