Müsavat Partiyasının 9-cu qurultayına hazırlıq davam edir.

“Unikal” qəzetinə müsahibə verən Müsavat başqanının müavini, qurultayın təşkilat komitəsinin sədri Gülağa Aslanlı ilə söhbətimiz də elə bu mövzu ətrafında oldu. Unikal.org həmin müsahibəni tədim edir:

-Gülağa bəy, hazırda qurultaya hazırlıq işləri necə gedir?

- Tədbirlər partiyanın nizamnaməsi və müvafiq təlimatlar əsasında aparılır. 50 yerli təşkilatda keçirilmiş yığıncaq və ya konfransda qurultaya nümayəndələr seçilib. 10-dan artıq təşkilatda yığıncaqların keçirilməsi üçün işlər görülüb və bu prosesi sentyabr ayının sonunadək başa çatdırmaq planlaşdırılır. Qurultayda 400-dən çox nümayəndənin iştirakı gözlənir. Oktyabrın 12-də qurultayın keçirilməsi təyin olunub.

-Qurultayöncəsi yığıncaqların keçirilməsi prosesində hansı çətinliklər oldu?

-Bu müddət ərzində daim problemlə üzləşmişik. Demək olar ki, bütün rayonlarda yığıncaqlar polisin nəzarəti altında keçirilib. Bəzi rayonlarda isə polisin birbaşa müdaxiləsi ilə üzləşmişik. Zaqatala rayonunda müdaxilə oldu, Kürdəmirdə analoji vəziyyət yaşandı, Astarada yığıncaqdan sonra polis hətta bizə yemək yeməyə imkan vermədi. Elə rayon təşkilatları oldu ki, həmin tədbiri şəhərdən xeyli kənarda keçirmək məcburiyyətində qaldıq. Yəni, həm icra strukturları, həm də hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər maneçiliklər olub. Amma çətinliklərə baxmayaraq yığıncaqlarımızı keçirməyə nail olduq. Artıq bu proseslər yekunlaşmaq üzrədir.

-Qurultay günü ilə bağlı təşkilati-texniki işlər nə yerdədir? Tədbirin harda keçirilməsi planlaşdırılır?

-Qurultayın keçirilməsi ilə bağlı müxtəlif təkliflər var idi. Artıq Müsavat Partiyası qurumun 9-cu qurultayının keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyətinə müraciət edib. Müraciətimizdə Müsavat Partiyasının qurultayı keçirməsi üçün 400-500 nəfərlik zal ayrılmasını istəmişik. Ərizədə bir neçə münasib yeri də göstərmişik.

-Kənar ictimai-siyasi təşkilatlardan kimləri dəvət edəcəksiniz?

-Təbii ki, kənardan da qonaqlarımız olacaq. Təşkilat Komitəsi həmişə olduğu kimi, digər siyasi partiyaların, ictimai təşkilatların nümayəndələrini dəvət edəcək.

-Başqanlığa iddiasını iki nəfər – Tofiq Yaqubli ilə Yadigar Sadıqlı ortaya qoyublar. Amma hələlik Arif Hacılı bu barədə qərar verməyib. Bəlkə təşkilat Komitəsinə hansısa müraciət var?

-Müsavat Partiyasının nizamnaməsinə uyğun olaraq, hər bir partiya üzvü seçkili orqanlara öz namizədliyini irəli sürə bilər. Bu, hər kəsin öz şəxsi qərarı olduğu üçün Arif bəyin yerinə mənim cavab verməyim etik olmaz. Ona görə də bu sualla Arif bəyə müraciət eləsəniz, daha yaxşı olar.

-Siz həm də Müsavat üzvü, funksionerisiniz, qurultayda keçiriləcək seçkidə mövqeyinizi ifadə etməlisiniz. Özünüz üçün dəstəkləyəcəyiniz namizəd müəyyənləşdirmisiz, yoxsa qurultay gününü gözləyirsiz?

-Hər kəsin öz namizədi ola bilər. Təbii ki,mənim də nəzərdə tutduğum namizəd var. Əgər həmin şəxs öz namizədliyini irəli sürməsə, mən də başqanlığa namizədliyimi irəli sürmək haqqında düşünürəm.

-Sözünüzdən anlaşılır ki, Siz Arif Hacılını dəstəkləyirsiz, çünki hələlik o, namizəd olacağını bəyan etməyib…

-Mən elə bir söz demədim. Bu, Müsavat Partiyasında gizli səsvermə ilə həyata keçirilir. Hər halda, mənim də öz namizədim var.

-Gülağa bəy, bu günlərdə müsahibə verən Yadigar Sadıqlı deyir ki, Arif Hacılının dəstəkçiləri ona qarşı şər-böhtan kampaniyası aparır. Bu barədə nə deyə bilərsiniz?

-Nizamnaməyə görə Müsavat başqanlığına namizəd olmaq üçün qurultaya hazırlıq üzrə təşkilat komitəsinə müraciət olunmalıdır. Sonra müraciətlərə əsasən qurultaya hazırlıq üzrə təşkilat komitəsi müvafiq qərar verir. Ondan sonra prosesə start verilir. Hazırda isə namizədlərin irəli sürülməsi ilə bağlı prosesə start verilməyib. Ona görə də hələlik kimsə Müsavat başqanlığına namizəd deyillər. Namizəd olacağını bəyan edənlər namizədliyə namizəddirlər. Bundan əlavə, seçki kampaniyasına start verilməyib. Bu məsələ qurultaya hazırlıq üzrə təşkilat komitəsinin növbəti yığıncağında həll olunacaq. Onu da qeyd edim ki, təbliğat-təşviqat dövründə namizədlərin və onların dəstəkçilərinin qarşısında müəyyən şərtlər qoyulacaq. Təbii ki, təbliğat kampaniyasının öz şərtləri var, eyni zamanda, müəyyən qadağalar da olacaq ki, hər kəs ona əməl etməlidir. Ondan sonra bu barədə nəsə demək olar. İndi baş verənlərlə bağlı nəsə demək olmaz. Düzü, namizədliyə namizəd olan hansısa şəxsə qarşı kampaniyanı müşahidə etməmişəm. Kimsə bunu görürsə, hiss edirsə, o da onun haqqıdır. Bir onu deyə bilərəm ki, Müsavatda hər şey nizamnamə və partiyanın strukturlarının əsasnaməsinə uyğun baş verir.

-Ümumiyyətlə, qurultayöncəsi, eləcə də, qurultayda hansısa namizədə qarşı ayrı-seçkilik, yaxud da ögey münasibət ola bilərmi?

-Hər bir şəxsin namizədliyini irəli sürmək hüququ olduğu kimi, hər bir müsavatçının da hansısa namizəd haqqında təbliğat, yaxud əks-təbliğat aparmaq səlahiyyəti var. Bu zaman heç kimə, hansısa namizədə qarşı əks-təbliğat aparmaq qadağası qoymaq olmaz. Niyə təbliğat aparırsan, soruşulmadığı kimi, niyə əks-təbliğat aparırsan da, soruşulmaq nizamnaməyə zidd olar. Amma hər şeyin etik çərçivədə olmasını, razılaşdırılmış şəkildə olmasını təmin edən müvafiq sənədlər də hazırlanıb ortaya qoyulacaq.

-Ona görə bu sualı verdim ki, ötən qurultayda başqanlıq seçkisindən sonra bu kimi fikirlər səsləndi. Yəni, analoji fikirlərin səslənməsinə hansısa zəmin varmı?

-Bunun üçün əsas olmasa belə, Müsavatdan getmək istəyənlər gedəcək. Müsavat Partiyası sonuncu qurultayında bütün Azərbaycana necə bir seçki keçirmək bacarığı olan partiya kimi nümunə göstərdi. Seçki günü, sonrakı proseslərdə də seçkilərin keçirilməsi ilə bağlı hər hansı bir irad bildirilmədi. Həmin vaxt seçki komissiyası hər bir namizədin təklif elədiyi 3 nəfərdən ibarət formalaşdırılmışdı. Yəni 15 nəfərdən ibarət seçki komissiyası var idi. Həmin seçki komissiyasının üzvləri də hansı namizəd tərəfindən təyin olunmalarından asılı olmayaraq, seçkinin nəticələrini, xüsusən də başqan və MNTK seçkilərinin nəticələrini yekdilliklə qəbul elədilər. Bundan sonra, hansısa fikir söyləmək çığallığın əlamətidir.

-O vaxt əsas iddialar ondan ibarət idi ki, qurultay gününə qədər Arif Hacılı öz xeyrinə iş görmüşdü. Daha çox qurultay nümayəndəsi ona yaxın adamlar idi…

-Bilirsiniz, seçkinin nəticələrini qəbul edib-etməmək var, bir də seçkinin necə keçirilməsi var. Seçkinin necə keçirilməsi ilə bağlı heç bir irad olmadı, məsələ qaldırılmadı. Amma öncədən hansısa iş görülmüşdü kimi fikirlər hər zaman deyilə bilər. Mümkündür ki, bu kimi fikirlər qarşıdakı qurultayda da səslənsin. Amma reallıq başqadır, hər kəs onu qəbul etməlidir. Bir də ki, hər hansı iddianı əsaslandırmaq lazımdır. Əsaslandırılmamış fikir söyləmək asandır, amma Müsavat Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi nümunəsini ortaya qoyub. Bu nümunədən daha gözəl nümunə ortaya qoyan başqa bir partiya da yoxdur. Bir də ki, insan amili olan yerdə subyektivzm hər zaman olur. Biz Müsavat Partiyası olaraq, rayon təşkilatlarının yığıncaqlarından tutmuş, o tədbirlərdə iştirak etməyə qədər hər kəsə şərait yaratmışıq. Təşkilat komitəsinin otuz nəfət üzvü var, hamısına da sərbəstlik vermişik ki, kim hansı rayon təşkilatında keçirilən yığıncaqda iştirak etmək istəsə, buyursun. Təşkilat komitəsi olaraq, biz bütün imkanları yaratmışıq.  Kimsə bu tədbirlərdə iştirak eləmir. Amma sonra əks fikirlər səsləndirir. O zaman bu fikirlərin əsassız olduğunu deməkdən başqa yol qalmır. Ona görə də biz bu məsələləri həm nizamnamə çərçivəsində, həm də razılaşma yolu ilə həll edirik. Hər dəfə Divanın harda yığıncağı olacağı ilə bağlı məlumat vermişəm və bildirmişəm ki, kim istəsə, ona şərait yarada bilərik.

-Gülağa bəy, qeyd etdiniz ki, demokratik seçki keçirilib. Yaxşı, bu demokratik seçkidisə, nəyə görə partiyadan qopmalar olur, itkilər yaşanır?

-Hər bir gedən adam Müsavat üçün itkidir. Amma həmin adamların getmə səbəblərini necə izah etmək məsələsi də var. Kimlərsə yeni seçilmiş başqanın fikirləri ilə razılaşmır, kimlərsə cığallıq edib seçkinin düzgün keçirilmədiyini desə də, reallıq başqadır. Cəmiyyətdə müəyyən məsələlərdən narazı qalanlar olur. Müsavatın qatarı hələ çox yol gedəcək. Kimlər yorulursa, müəyyən stansiyalarda düşürlər, amma bizim yolumuz davam edir, biz hələ çox gedəcəyik.

Z.Məmmədli