Xəzər rayonunda “Badam bağları”, “Südçülük sovxozu” və “Binə aqrokompleksi” yaşayış massivlərində uzunluğu 24 kilometr olan yolda təmir-tikinti işləri gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, hazırda yolun asfaltlanması işləri aparılır. Yol örtüyünün alt və üst layı 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yollar boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.

Bundan başqa, cari ilin əvvəlindən Xəzər rayonunun 6 qəsəbəsi üzrə vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılan təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu təqribən 25,5 kilometr olan 22 adda küçənin 180 min kvadratmetrdən çox sahəsində təmir-bərpa işləri yekunlaşdırılıb. Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol əsası işlənilib və asfaltlanma işləri görülüb.