Məşhur qəzet Prezident  İlham Əliyevdən yazdı
Məşhur qəzet Prezident
İlham Əliyevdən yazdı
"Nə qədər ki, İlham Əliyev ölkəyə rəhbərlik edir, Azərbaycan dövlətinin
hər bir vətəndaşı və ailəsi naminə gördüyü böyük işlər davam edəcək"

Dubayın "Al-Bayan" qəzetində İlham Əliyevin prezident seçilməsinin 9-cu ildönümünə həsr olunmuş məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dubay Əmirliyində rəsmi dövlət orqanı olan "Al-Bayan" qəzetinin 15 oktyabr tarixli sayında Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin İlham Əliyevin prezident seçilməsinin 9-cu ildönümünün tamam olması münasibətilə təşkil etdiyi tədbirin əsasında "Azərbaycan İlham Əliyevin prezident seçilməsinin 9-cu ildönümünü bayram edir və Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının görüşləri keçiriləcək" sərlövhəli məqalə dərc edilib.
Azərbaycan paytaxtı Bakı şəhərinin bu günlər ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyinə toxunan müəllif oktyabrın 16-da işinə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak etmək üçün müxtəlif ölkə liderlərinin Azərbaycana səfərinin başladığını qeyd edib.
Bakıda keçiriləcək toplantının İqtisadi Əməkdaşlıq Təşkilatının sayca 12-ci toplantısı olacağını qeyd edən müəllif bu sessiyaya Azərbaycanın sədrlik edəcəyini bildirib. Müəllif oktyabrın 4-5-də keçirilmiş 2-ci Bakı Beynəlxalq Humanitar Foruma da toxunaraq bu mötəbər toplantının 21-ci əsrdə bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara elmi və siyasi təyinatı olan cavablar axtarmaq məqsədi daşıdığını qeyd edib.
Məqalədə oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 9-cu ildönümünün tamam olduğu, ötən müddət ərzində ölkənin əldə etdiyi nailiyyətlərdən bəhs olunur. Dubayda keçirilən tədbir zamanı "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun söylədiyi "İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib, 9 il ərzində respublikanın ümumdaxili məhsulunun həcmi 3 dəfə artıb. 2013-cü ildə də Azərbaycanın inkişaf uğurla davam edəcək" ifadəsini sitat gətirən müəllif məqaləni bu cümlələrlə tamamlayır: "Nə qədər ki, İlham Əliyev ölkəyə rəhbərlik edir, Azərbaycan dövlətinin hər bir vətəndaşı və ailəsi naminə gördüyü böyük işlər davam edəcək".