Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan “Nəsimi” antreprizası təqdim olunub.

Unikal.org xəbər verir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.

Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət “Nəsimi” sərgisi nümayiş etdirilib.

Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.

Sonra “Nəsimi” antreprizası nümayiş olunub.