Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirləri keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 15-də rayondakı evlərin birindən 5 min manat və 31 min rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini yeniyetmə saxlanılıb.

Həmin rayonun polis idarəsinin 33-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 14-də Suraxanıdakı mağazaların birindən 873 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov, R.Dadaşzadə və onun qardaşı H.Dadaşzadə yaxalanıblar.

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları rayon ərazisindəki iki mağazadan 250 manat pul, 50 manat dəyərində bijüteriya və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənovu tutublar.

Hər üç faktla bağlı araşdırmalar aparılır.