““Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9.5-ci  maddəsində göstərilir ki, dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi ən azı 3 metrdən yüksək olsun. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirə olunan zaman deyib. 

Hikmət Babaoğlu bildirib ki, həmin maddədə “parça” sözü “bayraq” sözü ilə əvəz olunmalıdır. Millət vəkili həmçinin, qeyd edib ki, qanunun 9.3-cü maddəsində “dövlət bayrağı bütöv olmalı” sözünə də ehtiyac yoxdur. Çünki bayraq bütöv olması şərtdir. 

Azərbaycan Respublikası Baş nazirinin dövlət bayrağından istifadə qaydaları haqqında qərarına gəlincə, Hikmət Babaoğlu deyib ki, bu məsələni vaxtilə müxalifət gündəmə gətirərək ictimai rəylə manipulyasi etdi: “Burada rənglərin sağdan sola və soldan sağa düzümü məsələsi var. Ona görə də, bayrağa  üzbəüz durub baxsaq, qaydalara uyğundur. Yerimizi dəyişdikcə, rənglərin yeri dəyişəcək. Əslində, belə qərarın verilməsinə xüsusi ehtiyac yoxdur. Amma əgər qərar qəbul olunubsa,  tənqid etdiyimiz qədər ona bəraət də verə bilərik”.