Bakıda qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Abuzərovun apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.

Hadisə yerindən qaçan D.Abuzərov daha sonra saxlanılıb.

Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib. Cinayət işində adıçəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.

Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan D.Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib. O, 11 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azadlığa çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ali Osmanov