Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı özünü şübhəli apardığından, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. O gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılacağı zaman daxili orqanında narkotik vasitə olduğunu etiraf edib.

Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentə bükülmüş 2 ədəd bükümdə ümumi çəkisi 51 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.