Lerikdə su xəttinin borularını kəsdirib evinə aparmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 4-də Lerik rayonunun Nisli kəndi ərazisində Çayrud kənd sakini Ş.Bəhmənovun idarə etdiyi “KamAZ” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı oradan 104 metr olan 18 ədəd dəmir boru aşkar edilib.

Araşdırma zamanı qeyd edilən dəmir boruların həmin gün Rəzgov kənd sakini T.Kəlbiyev tərəfindən Lerik-Kəlvəz yolunun kənarı ilə çəkilən su xəttindən kəsdirilib yaşadığı evə aparmaq istəməsi müəyyən edilib.

Su boruları müvafiq qaydada sənədləşdirilərək götürülüb və Lənkəran Regional Su Kanal İdarəsinin Lerik rayonu üzrə nümayəndəsinə təhvil verilib.

Araşdırma aparılır.