Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı xanım vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın alt paltarında 3 ədəd bükümdə çəkisi 23 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 136 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.