17 Noyabr 2019
16 Noyabr 2019
“Kənd təsərrüfatı - bəşəriyyətin ilk innovasiyasıdır” - Nazir
“Kənd təsərrüfatı - bəşəriyyətin ilk innovasiyasıdır”- Nazir CƏMİYYƏT 15:02 2019-10-08

“AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.  

Təqdimatdan öncə finala çıxan 12 aqrar startapın yekun qiymətləndirilməsi həyata keçirilib və finalçılar müəyyənləşdirilib. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan İnternet Forumunun prezidenti, "Startup Azərbaycan" təşkilatının rəhbəri Osman Gündüz “AgroX” startap müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə məlimat verib. Azərbaycanda startap ekosisteminin formalaşdığını deyən Osman Gündüz bildirb ki, bu müsabiqə kənd təsərrüfatı sahəsində aqrar ekosistemin yaradılması işinə öz töhfəsini verəcək və aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir: “Bəşəriyyət bugünkü inkişaf səviyyəsinə çatması məhz tarix boyu yeni kəşflərin, ixtiralaların və innovasiyaların tətbiqi nəticəsində ərsəyə gəlmişdir. Aqrar sahə  də daim bu  yeniliklərin və kəşflərin mərkəzində olmuşdur. Tam əminliklə demək olar ki, kənd təsərrüfatı bəşəriyyətin elə ilk innovasiyası olmuşdur. Qədim insanlar əkinçiliklə məşğul olmaqla, kənd təsərrüfatı alətlərini təkmilləşdirməklə ilk innovasiyalara imza atıblar. Tətbiq olunan yeniliklər insanlara ərzaq təminatını yaxşılaşdırmağa, daha yaxşı qidalanmağa imkan yaradıb. Ərzaq təhlükəsizliyi bəşəriyyətin inkişafının hər mərhələsində qlobal çağırışlardan biri, bəlkə də birincisi olub. Bu səbəbdən aqrar innovasiyalar hər zaman bütün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üçün ən böyük alət sayılıb. Çünki, innovasiyalar məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. İnnovasiyaların üstünlükləri yalnız bundan ibarət deyil. Məşhur bir deyimlə ifadə etsək, innovasiyanın gözəlliyi ondadır ki, burada son yoxdur. Hər bir yeni məhsul iki yeni fikir və iki yeni imkan yaradır. Bu imkanları dəstəkləməklə biz aqrar sahədə inkişafı sürətləndirmiş oluruq”. 

İnnovasiyaların tətbiqinin Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin üç ana prinsipindən biri olduğunu diqqətə çatdıran nazir İnam Kərimov aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi istiqamətində görülən tədbirlərə də toxunub: “Bu məqamda son il ərzində “Azərbaycanın kənd təsərrüfatında hansı innovasiyalar tətbiq olunur” suallarına qısaca cavab vermək istərdim. Ötən müddətdə imza atdığımız ən böyük innovasiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, Agilli bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satelitlər vasitəsilə müəyyənləşməsi və s. Bu innovasiyaların hər birinin qarşısında ilk sözü dayanır. Azərbaycanda ilk dəfə subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək EKTİS sisteminin tətbiqinə başlanır, ilk dəfə böyük sahələrin dərmanlanması, zərərvericilərin ocaqlarının müəyyənləşməsi üçün dronlardan və sensorlardan istifadə olunacaq, ilk dəfə biotexnologiya laboratoriyalarında virussuz superelit kateqoriyalı katrof toxumu yetişdiriləcək. Bu gün ölkəmizdə Çin, yunan və türk texnologiyası əsasında pambıq becərilməsi həyata keçirilir. Bu, pambıqçılıq sahəsində məhsuldarlığı artırmağa imkan verəcək ən böyük innovativ təşəbbüslərdən sayılır. Tətbiq etdiyimiz hər bir innovasiya insanların işlərini asanlaşdırır, gəlirlərini artırır, kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir”. 
Nazir İnam Kərimov çıxışının sonunda qalibləri təbrik edib və layihənin bütün iştirakçılarına uğurlar arzulayıb. 

Qeyd edək ki, “Agro-X” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.


  • “Kənd təsərrüfatı - bəşəriyyətin ilk innovasiyasıdır”- Nazir
  • “Kənd təsərrüfatı - bəşəriyyətin ilk innovasiyasıdır”- Nazir
  • “Kənd təsərrüfatı - bəşəriyyətin ilk innovasiyasıdır”- Nazir