Hacıbala Abutalıbov Bakını şəxsi mülki kimi idarə edir
Hacıbala Abutalıbov Bakını şəxsi mülki kimi idarə edir

Paytaxt merinin anlaşılmaz idarəçiliyi küçələrdə əsl xaosun yaranmasına səbəb olur

Bəlli olduğu kimi tıxac problemi paytaxt Bakının əsas dərdlərindən biridir. Sürətlə artan əhali və paralel olaraq avtomobillər şəhər küçələrinin həddən artıq yüklənməsinə və nəticə etibarilə uzun tıxacların yaranmasına gətirib çıxarır.

Özü də tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda çox az irəliləyiş hiss olunur. Bəs görəsən, tıxacların qarşısını almaq niyə bu qədər müşkülə çevrilib? Sıxlıq yaradan əsas amillər hansılardır? Bu yazımızda Bakının tıxac problemini yaradan obyektiv və subyektiv faktorlara nəzər salacağıq.
Yuxarıda da qeyd etdiyimiz kimi tıxacın yaranmasının bir sıra obyektiv səbəbləri var. İlkin olaraq onu göstərə bilərik ki, Bakının əsas küçələri olduqca dardır, əhalinin və avtomobillərin durmadan artması isə problemin özünü daha kəskin göstərməsinə şərait yaradır. Digər tərfdən isə paytaxt yollarında mütəmadi xarakter alan yol təmiri işləri onsuz da gərgin olan infrastrukturun işini bir qədər də dramatikləşdirir. İnsaf naminə qeyd olunmalıdır ki, Azərbaycan hökuməti paytaxtın yol infrastpukturunun təkmilləşdirilməsi və eləcə də tıxac probleminin aradan qaldırılması istiqamətində kifayət qədər intensiv çalışır. Körpülərin və yeni yol ötrücülərinin tikintisi üçün dövlət büdcəsindən ayrılan vəsaitin durmadan artırılması və bu yöndə həyata keçirilən tədbirlər də bunu sübut etməkdədir. Amma təəssüf hissiylə bildirməliyik ki, görülən bütün bu tədbirlər hələ də gözlənilən nəticəni vermir. Bu isə bəzi strukturların xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin işini düzgün qurmaması ilə birbaşa bağlıdır.
Artıq 12 ildən artıq bir müddətə Bakı şəhərinə rəhbərlikedən Hacıbala Abutalıbov paytaxtda elə bir xaotik mənzərə yaradıb ki, baş verənlərə təəccüblənməyə bilmirsən. İlk baxışdan Bakı meriyasının məsuliyyətsizliyi ilə tıxac probleminin nə əlaqəsinin olması bəzilərinə qəribə görünə bilər. Amma nə qədər paradoksal və qəribə görünsə də bu həqiqətdir. Məlumdur ki, paytaxtda binaların balkon hissəsinin qeyri-qanuni olaraq artırılması bir dəb halını alıb. Bu başqa bir yazının mövzusudur ki, həmin artırmalara BŞİH başçısı hansı maraqlarının ödənilməsi müqabilində göz yumur, hər halda indilik mövzumuz bu deyil.
Elə yaşayış binaları var ki, onlar düz yolun kənarında yerləşir və indi özünüz təsəvvür edin ki, həmin binanın birinci mərtəbəsi tutaq ki, 2 metr yola tərəf artırılıb. Problemin kütləvi hal almasının nəzərə alsaq yüzlərlə kilometr ərazilərin məhz həmin qeyri qanuni balkonlar tərəfindən zəbt olunduğunu iddia edə bilərik. Bu məsələ dəfələrlə qaldırılsa da digər işlərdə lazım olduğundan da artıq fəal olan Bakı meri Hacıbala Abutalıbov nədənsə tədbirlər görməyə həvəsli deyil. Təbii ki, bu da səbəbsiz deyil və birbaşa Hacıbala Abutalıbovun gəlir mənbələrindən birini qorumaq istəyi ilə bağlıdır. Necə deyərlər, Hacıbala Abutalıbov pul qazanmağında, vətəndaşlar isə saatlarla çəkən tıxaclarda “əsəb xərcləməkdədirlər”.
Orxan Rəhimov