Xəbər verdiyimiz kimi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına seçkilərdə dəstəklədiyi namizədin Arif Hacılı olduğunu bildirib.

Unikal.org xəbər verir ki, sosial şəbəkədə bu barədə yazan keçmiş başqan seçiminin səbəbi Arif Hacılı ilə 30 illik dostluq münasibətlərinin olmadığını qeyd edib:

“Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var. Mən isə deyirəm ki, Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır". 

İsa Qəmbərin bu bəyanatından sonra  9-cu qurultayda başqanlıq üçün namizədliyini irəli sürən Müsavat partiyasının Divan üzvü Yadigar Sadıqlı da bu məsələyə toxunaraq situasiyanın acınacaqlı olduğunu bildirib:

“Ən acınacaqlısı isə odur ki, İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Qurultay oktyabrın 12-nə təyin edilib.