“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Unikal.org xəbər verir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Goranboy rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə müddətli həqiqi hərbi xidmətə yola salınıb.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Ölkəmizin vətənpərvər gəncliyinin torpaqlarımızın müdafiəsinə daim hazır olduğunu qeyd edib.  

SHXÇDX-nin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini onların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, qazanılmış nailiyyətlərdən danışıb.  
Valideynlər adından çıxış edən Abduləzim Ələsgərov övladlarını hərbi xidmətə yola salmaqdan qürur duyduqlarını ifadə edib, çağırışçı gənclərə çətin və məsuliyyətli əsgər həyatında uğurlar arzulayıb.  

Çağırışçılar adından çıxış edən Səməd Səmədzadə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini ifadə edib.
Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər  Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.