"AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". 

Bu barədə Unikal.org-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, hər iki şəxs piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb: "Oktyabrın 8-i saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər CM-nin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-nin 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır".