22 Oktyabr 2019
Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında - FOTO
Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO SİYASƏT 20:34 2019-10-10

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 8-9 oktyabr 2019-cu il tarixlərində Şimali Reyn-Vestfaliya federal torpağının paytaxtı Düsseldorf şəhərinə işgüzar səfər edib. 

Unikal.org xəbər  verir ki, səfir R.Həsənov Şimali Reyn-Vestfaliya federal torpağının İqtisadiyyat, İnnovasiyalar, Rəqəmsallaşma və Enerji naziri, prof. Andreas Pinkvartla görüşüb. 
Alman nazir təmsil etdiyi federal torpağa Azərbaycan səfirinin səfər etməsindən məmnunluğunu ifadə edib və bu ziyarətin Azərbaycan və Şimali Reyn-Vestfaliya torpağı arasında əməkdaşlığa töhfə verəcəyinə əmin olduğunu bildirib. 
R.Həsənov bildirib ki, Azərbaycan və Almaniya arasında münasibətlər Azərbaycanda alman məskənlərinin salınmasından başlayan 200 illik ümumi tarixə söykənir və bu yubiley tarixi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq yüksək səviyyədə qeyd edilib. Səfir ölkələrimiz arasında münasibətlərin hazırda bütün sahələrdə dinamik inkişaf etdiyini qeyd edib və Almaniyanın Federal Kansleri Anqela Merkelin ötən il Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb. 
Görüşdə, həmçinin Azərbaycanın Şimali Reyn-Vestfaliya federal torpağıyla əlaqələri və iqtisadi əməkdaşlığı, eləcə də bunu daha da dərinləşdirmək üçün mövcud olan böyük potensiala dair fikir mübadiləsi aparılıb. Səfir ölkəmizlə daha yaxından tanış olmaq və əməkdaşlıq imkanlarına dair müzakirələri davam etdirmək üçün Şimali Reyn-Vestfaliya rəsmilərini Azərbaycana səfər etməyə dəvət edib. 
R.Həsənov, o cümlədən Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti, beynəlxalq əməkdaşlığı, Avropa və Almaniyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, həyata keçirdiyi nəhəng regional layihələr barədə məlumat verib, Azərbaycanın yerləşdiyi regionun geosiyasi çətinliklərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsini, işğalın nəticələrini, eləcə də münaqişənin regiondakı inkişaf və əməkdaşlıq üçün yaratdığı maneələri qeyd edib.  
Səfər çərçivəsində növbəti görüş Şimali Reyn-Vestfaliya Landtaqının prezidenti Andre Kuperlə baş tutub. Görüşdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Azərbaycan səfiri ölkəmizdə parlament və demokratiya ənənələrinin tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi yenilikləri, onun parlamentində alman etnik azlığının da öz mandatı ilə təmsil olunması, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının özünü AXC-nin varisi hesab etməsi və AXC-nin demokratik və dünyəvi dəyərlərini davam etdirməsinə dair ətraflı məlumat verib. Azərbaycanda qadınların seçki hüququnun Almaniyadan 1 il əvvəl, 1918-ci ildə qəbul edildiyini diqqətə çatdıran səfir ölkəmizdə gender bərabərliyi, qadın hüquqları, qadınların cəmiyyətdəki fəal rolundan bəhs edib. 
Görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr müzakirə edilib. Şimali Reyn-Vestfaliya torpağında yerləşən Duysburq və Çinin paytaxtı Pekin şəhərləri arasında yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi vurğulanıb. 
Həmçinin Azərbaycan və Şimali Reyn-Vestfaliya torpağının şəhərləri və ali məktəbləri arasında əməkdaşlıq imkanları müzakirə edilib. Landtaq prezidenti A.Kuper bu sahədə tərəfdaşlıq layihələrinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda səfir Landtaqın xatirə kitabına imza atıb.  
 


  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO
  • Ramin Həsənov Şimali Reyn-Vestfaliya federal torpağında -FOTO