Azərbaycan prezidenti Tacikistan və Pakistan prezidentləri, Türkiyənin baş naziri ilə görüşüb
Azərbaycan prezidenti Tacikistan və Pakistan prezidentləri, Türkiyənin baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edilib, bu sammitin təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Azərbaycanın və Tacikistanın dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılıq ifadə ediblər. Görüşdə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin güclənməsində rolu qeyd olunub, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari ilə də görüşüb. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik bildirilib. İkitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb.
Bir sıra sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulandığı görüşdə kənd təsərrüfatı və bank sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Azərbaycan prezidenti həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.