21 Noyabr 2019
Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı - FOTO
Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı- FOTO İQTİSADİYYAT 17:29 2019-10-11

İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədi ilə görüşüb.

Unikal.org xəbər verir ki, Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini diqqətə çatdıran Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını və ikitərəfli əlaqələrin inkişafında əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.
Azərbaycan-Əfqanıstan ticarət əlaqələri barədə danışan Şahin Mustafayev bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37%, 2019-cu ilin 8 ayında isə 23% artıb və ticarətin genişləndirilməsi və  strukturunun şaxələndirilməsi üçün imkanlar genişdir. Təşkil edilən tədbirlər, işgüzar görüşlər, sərgilər iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Bakı Biznes Mərkəzində açılan Əfqanıstan məhsullarının sərgisi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması baxımından önəmlidir.

Şahin Mustafayev qeyd edib ki, bu ilin iyul ayında Bakıda ilk iclası keçirilən Azərbaycan - Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu ikitərəfli əlaqələrin inkişafında səmərəli mexanizmdir.

İki ölkə arasında tranzit əməkdaşlığından danışan İqtisadiyyat naziri ikitərəfli tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə Lapis Lazuli marşrutunun əhəmiyyətini vurğulayıb.

Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin əhəmiyyətini vurğulayıb. Acmal Əhmədi Bakıda Əfqanıstan məhsullarının sərgisinin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, sərginin əfqan iş adamları üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Əfqanıstan İnvestisiya Forumunun təşkili, ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Sonra Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədi Əfqanıstan məhsullarının sərgisi ilə tanış olublar. 

Qeyd  edək ki, sərgidə qida, tekstil, inşaat və tikinti materialları, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən Əfqanıstan şirkətlərinin məhsulları nümayiş olunur. Sərgi oktyabrın 14-dək davam edəcək.


  • Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı- FOTO
  • Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı- FOTO
  • Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı- FOTO
  • Bakıda Əfqan məhsulları ticarət sərgisi açıldı- FOTO