"Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik".

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkiyə Prezidenti çıxışında Suriyada aparılan əməliyyatdan söz açıb:

"Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq".

Ərdoğan bildirib ki, milli mübarizələrdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur:

"Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir".