16 Noyabr 2019
15 Noyabr 2019
Boliviya vətəndaşı Azərbaycana 2 kq-dan artıq kokain gətirdi, ağır cəza aldı
Boliviya vətəndaşı Azərbaycana 2 kq-dan artıq kokain gətirdi,ağır cəza aldı HADİSƏ 10:08 2019-10-17

Azərbaycana qanunsuz narkotik gətirməkdə təqsirləndirilən Boliviya vətəndaşı Calle Fernandez Marianın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara görə, qadının apellyasiya şikayəti təmin edilməyib. 

Bu il yanvar ayında külli miqdarda narkotik vasitə - kokain turist qismində gəldiyini bildirən Boliviya vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb. 

Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə - kokain aşkar edilərək götürülüb. Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum qadın apellyasiya şikayəti verib.

Ali Osmanov