Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçının Ankara qalasından yıxılaraq ölməsi ilə əlaqədar 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Belə ki, T.İ.Yalçın 2-si qadın olmaqla 3 dostu ilə birlikdə Ankara qalası ətəyində quş saxlayan dostu Arif Fidanboyun yanına gedib. 

Dostlar orada bir müddət söhbətləşdikdən sonra şəhər mənzərəsini seyr etmək üçün qalanın divarlarına çıxıblar. Turan İlteber Yalçın və Arif Fidanboy hələlik məlum olmayan səbəblərdən tarazlıqlarını itirərək 70 metr yüksəiklikdən qayıqların üstünə düşüblər. MHP-li deputatın oğlu hadisə yerində dünyasını dəyişib. 

A.Fidanboy yaralı halda xəstəxsanaya yerləşdirilib. Onun səhhətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ankara polisi və prokurorluğunda araşdırmalar davam etdirilir.