Son günlər ölkədə ictimai-siyasi proseslərdə müəyyən aktivlik müşahidə olunur. Hətta uzun müddət siyasi proseslərdən kənarda dayanan AMİP lideri Etibar Məmmədovun da siyasətə qayıdacağı ilə bağlı müzakirələr aparılır.

"Unikal" qəzetinə müsahibə verən AMİP Siyasi Şurasının üzvü Əli Orucovla söhbətə də elə bu mövzudan başladıq. 
 
-Əli bəy, Etibar Məmmədovun siyasətə qayıtması ilə bağlı məsələ gündəmə gəlib. Bu barədə real vəziyyət nədir? Etibar bəyin hazırkı niyyəti nədir?
-Etibar bəyin aktiv siyasətə qayıdacağı ilə bağlı müzakirələr çoxdan gedir. Hərə buna bir cür reaksiya verir. Buna da təbii yanaşmaq lazımdır. Bu gün Azərbaycan siyasətində öz müsbət imicini, saflığını və təmizliyini qoruyub saxlaya bilən, hakimiyyətdə olmayan, böyük təcrübəyə malik, beynəlxalq aləmdə kifayət qədər yaxşı tanınan yeganə siyasi lider Etibar Məmmədovdur. Mən əslində Etibar bəyin heç zaman siyasətdən kənarda olduğunu düşünməmişəm. O, ölkədə və dünyada gedən prosesləri diqqətlə izləyir, eyni zamanda lazım bilinəndə bu və ya digər məsələlərlə bağlı mətbuat vasitəsi ilə öz mövqeyini ortaya qoyur.  Hesab edirəm ki, ölkənin indiki durumu Etibar bəyin aktiv siyasətə qayıtmasını və köklü dəyişikliklərə nail olunmasını diqtə edir.  Bu gün xalqın və dövlətimizin Etibar Məmmədova böyük ehtiyacı aydın sezilir. Cəmiyyətimizin Etibar bəydən gözləntiləri çoxdur. Lakin aktiv siyasətə qayıdacağı ilə bağlı qərar onun öz iradəsinə bağlıdır.Onun hazırkı niyyəti barədə isə heç nə deyə bilmərəm. Mənim müşahidəm və təhlillərim ondan ibarətdir ki, E.Məmmədovun yenidən siyasi arenaya dönməsi xalqın arzusu, istəyi və tələbidir.  

-Məsələ ondadır ki, Etibar bəyin siyasətə qayıtmaq istəyi, yaxud bu barədə məsələnin ictimailəşməsi fərqli reaksiyalar doğurdu. Sizcə, bu reaksiyalar nədən qaynaqlanır?
- Uzun müddətdir gündəmin əsas mövzusu kimi aparılan bu müzakirələrə hərə öz çapına, öz səviyyəsinə, dünyagörüşünə, əxlaqına və xarakterinə uyğun olaraq qatılır. Burda qeyri-adi bir şey görmürəm. Çünki həyatda da, siyasətdə də hər cür xarakterə, ağıla, tərbiyəyə malik insanlar var.  Maraqlısı və təəccüb doğuran məqam ondan ibarətdir ki, Etibar bəy bu müzakirələrlə bağlı hələ  fikrini bildirmədiyi halda iqtidardakılardan çox, bəzi müxalif partiya mənsubları özlərinə əl qatıblar. Hansılar ki, indiyədək heç bir uğur qazana bilməyiblər, perspektivləri də yoxdur. Əgər qeyri-iqtidar  düşərgəsi müxalifətin güclənməsini istəyirsə, ölkənin böhrandan çıxarılmasına maraqlıdırsa o zaman nədən Etibar Məmmədov və AMİP kimi güc mərkəzinin siyasi mübarizə meydanında olması bəzi siyasilərdə qıcıq doğurur. Belə çıxır ki, həmin şəxslər ölkədə köklü dəyişikliklərin, siyasi sistemin daha mütərəqqi sistemlə əvəzlənməsini, demokratiyanın bərqərar olunmasını istəmirlər. İndiki ortamda oyunlarını qurub şəxsi maraqlarını təmin edirlər, xalq, millət, dövlət harda qalır qalsın. Gətirilən əks arqumentlər o qədər bəsit, o qədər əsassızdır ki, bu insanların indiyədək siyasətdə neçə qala bilməsindən heyrətə gəlirsən, Biri deyir, Etibar bəydən qorxuram, biri deyir niyə siyasətdən getmişdi indi niyə qayıdır, biri güya müxalifətin birləşməsinə imkan verməməkdə itiham edir və s. Bu insanlar anlamırlar ki, hər bir şəxsin siyasətdə iştirak edib etməməsi onun Konstitusion haqqıdır. Şəxs özünün siyasi fəaliyyətini özü müəyyənləşdirir və bunu da kimdənsə soruşmaq məcburiyyətində deyil. 2004-cü ildən Etibar Məmmədov AMİP sədrliyindən istefa verməklə həm də istefa mədəniyyətini gətirdi. 15-20 ildir, bəziləri lap çox, oturublar ayrı-ayrı partiyaların sədrliyi postunda  heç nəyə də nail ola bilməyiblər. Yenə yaxşı ki, sağ olsun jurnalistləri ki, onların ara-sıra şəkillərini mətbu orqanlarda verirlər. Bu müddət ərzində də aralarındakı intriqa, qovğa, didişmə səbəbindən heç ehsan yeməyə də birlikdə gedə bilməyirlər. Və diqqət və təhlil etsəniz özünüz də görərsiniz ki, Etibar bəyin aktiv siyasətə qayıdacağından da əsasən bir ovuc bu tipli şəxslər əndişəyə düşüblər. Həm də ona görə ki, günəş parlayanda kölgələr yox olur.
- Ancaq bir məsələ mənim üçün də maraqlıdır. Etibar bəy uzun illərdir ki, aktiv siyasi fəaliyyətdən uzaqdır. Hazırda cəmiyyətin özü də siyasətdən uzaqlaşıb. Belə bir mühitdə nə iş görmək olar?

-Biz oturub gözləməli deyilik ki, cəmiyyət fəallaşacaq, yaxud da iqtidar insafa gəlib, insanların siyasi həyatda, dövlətin idarə edilməsində, demokratik bir düzən yaratmasına imkan verəcək. Bunu gözləmək sadəlöhvlükdən başqa bir şey deyil. Güya islahatlar aparırlar, siz hansısa ciddi dəyişikliklər hiss edir, görürsünüzmü? İslahat filan heç nə yoxdur. Bir-iki kosmetik dəyişiklikləri, hökumətin illər əvvəl görməli olduğu işləri yarı-yarımçıq görmək proqress deyil. Müxalifət olaraq bu dövlətin, bu xalqın taleyinə biz də məsuliyyət daşıyırıq. Kabinetlərdə oturub hansısa hadisəyə münasibət bildirməklə, şikayət, giley-güzar etməklə işimizi bitmiş hesab etməli deyilik. Müxalifətin qarşısında böyük vəzifələr və fəaliyyət durur. Öncə təhlil etmək lazımdır ki, nədən ölkənin 90 faiz narazı elektoratı müxalifəti dəstəkləmir, niyə üzdə olan liderlərə inanmırlar, nə üçün cəmiyyət əlini hər şeydən üzüb, biganə bir mühit yaranıb? Vaxt var idi ki, müxalif partiya və liderlərin bir çağırışına on minlərlə insan küçə və meydanlara axışırdı.  Partiyalarda böyük canlanma var idi.  İndi 50 partiya yığışır 5000 adamı meydana çıxara bilmir. Bütün bunların hamısının suçunu təkcə iqtidara yükləmək sadəcə insafsızlıqdır. Araşdırılmalıdır ki, hansı kadrla, komanda və proqramla cəmiyyətə özünü iqtidarın alternativi kimi təqdim etmək uğur gətirər. Ümumiyyətlə belə bir potensial qalıbmı? Ötən dövrlər müxalifət düşərgəsi vaxtını və enerjisini daxili mübahisələrə, münasibətlərin aydınlaşdırılmasına, qarşılıqlı ittihamlara, təhqirlərə, didişmələrə, dedi-qodulara və qeybətlərə sərf edib. Bizim AMİP olaraq qazancımız eyni zamanda bu bataqlıqdan,  çirkin mənzərədən kənarda saxlmağımızdır. İndi də siyasi bataqlığı və cəngəlliyi yaradanlar istəyir ki, sağlam, təmiz qüvvələri də ləkələsin, ona çamur atsın. Amma indiyədək buna nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. E.Məmmədovun AMİP sədrliyindən getməsi isə siyasətdən getməsi anlamını vermir. Bizim partiya kimi böyük iddialarımız var və vaxtımızı, diqqətimizi də belə xırda-para işlərlə keçirmək, kimlərləsə də uğraşmaq fikrində deyilik.
-Ümumiyyətlə, AMİP hazırda siyasi partiya kimi hansı vəziyyətdədir? Ümumi götürdükdə ölkədə siyasi partiyalar o qədər aktiv deyil, amma AMİP onlardan bir addım geridə dayanmış kimi görsənir. Bu barədə nə deyə bilərsiniz?
-Bu gün siyasi partiyaların durumunu nəzərə alsaq AMİP-in bir addım öndə olduğunu görə bilərik. Partiyada yarandığı gündən formalaşmış demokratik ənənələr var. Mübaliğə də olmasın, AMİP cağdaş Azərbaycan siyasi tarixinin şərəfli ayrıca bir hissəsidir. Bu partiyasız Azərbaycanın siyasi arenasını sadəcə təsəvvür etmək belə mümkün deyil. AMİP müasir Azərbaycanın dövlət və siyasi idarəçiliyində kadrlar hazırlayan bir məktəb, mənəvi və əxlaqi keyfiyyətlərə, milli dəyərlərə üstünlük verən ən mütəşəkkil siyasi təşkilatdır. Lakonik desək AMİP özü bir dəyər və brenddir. Partiya hər zaman siyasi proseslərin episentrində olub. Bu gün də siyasi mübarizənin önündəyik. AMİP-dən başqa Azərbaycanda beynəlxalq aləmdə tanınan və geniş əlaqələri olan ikinci partiya yoxdur. Bizim digərlərindən fərqimiz həm də ondan ibarətdir ki, ucuz şoularla, qeyri-məqbul üsullarla, qalmaqallarla gündəmə gəlmək və gündəmi zəbt etmək istəməmişik, heç vaxt. Bizim bu cür yanaşmamız ola bilsin elə təəssürat yaratsın ki, AMİP fəal deyil. AMİP siyasi partiyadır və funksionerlərimiz də professional siyasətlə məşğuldurlar. 
Sizin də bildiyiniz kimi 13 oktyabrda keçirilən Mərkəzi Şuranın iclasında qarşıya bir sıra vəzifələr qoyuldu. Vacib sənədlər qəbul edildi. Əminəm ki, bu vəzifələrin də öhdəsindən gəlinəcəkdir.
Fürsətdən istifadə edərək bu gün AMİP-in elan olunduğu gün münasibəti ilə Azərbaycan xalqını və gəlib-keçmiş bütün milli istiqlalçıları təbrik edirəm. 1991-ci ilin günü bu günü AMİP-in yaranması elan edildi və E.Məmmədovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradıldı.   

- Bir neçə il öncəyə qədər müxalifət daxilində birliklər, ittifaqlar olurdu, amma son illər hərə yaxasını bir tərəfə çəkir. Sizi birləşdirən dəyər yoxdurmu?
-Opponentlərimiz uzun müddətdir bizi qınayırdılar ki, AMİP müxalifətin birliyinə  mane olur. Buyursunlar birliklərini, ittifaqlarını yaratsınlar. Niyə yarada bilmirlər? Dediyiniz kimi müxalifət daxilində birliklər, ittifaqlar olurdu. Yaxşı, bu ittifaq və birliklərin ömrü nə qədər çəkirdi? Maksimum 2 ay. Sonra da qarşılıqlı ittihamlar, qeri-etik ifadə tərzləri və s. baş alıb gedirdi. Daha fikirləşən, düşünən yoxdur ki, Nuh Nəbidən qalan kini-kidurəti, haqq-hesabı gün üzünə, mətbuata çıxarmaqla ümumi müxalifət düşərgəsi gözdən düşürülür, ümumilikdə cəmiyyətdə siyasətə qarşı ikrah hissi yaranır. Faciə ondan ibarətdir ki, dəyərlər tapdanıb, aşılanıb, erroziyaya məruz qalıb. Ağıllı toplum nəinki dəyərlərini qoruyur, hətta yeni dəyərlər formalaşdırır, yayır. Bu gün Qərbin istinad etdiyi və əsaslandığı demokratik dəyərlərin bir çoxu Şərqdən götürülüb. Ötən əsrin 60-70 -ci illərinədək Qərbin özündə qadına seçki hüququ verilməyəndə bu hüquqlar çox da uzağa getməyək, ADR vaxtında tətbiq edilib. Dəyərlərimiz var, nə yazıqlar ki, dəyərlərə hörmət, onu yaşatmaq meylləri çox azdır.  
-Son dövrlər yaranan birliklər də parçalandı, hətta bir-birilərini ora-bura işləməkdə suçladılar. Bax, bu, nəyin nəticəsidir?
-Hər hansı bir bina tikiləndə onun bünövrəsi möhkəm və düzgün qoyulur. Hər hansı bir fəsadlara, təbii hadisələrə qarşı dözümlülüyü nəzərə alınır və s. Azərbaycan müxalifəti isə tiktiyi binanı qum üzərində tikdiyindən azacıq külək əsən kimi uçub tökülür. Müxalifətin yaratdığı birliklər də baxın belə yaranır. Son dövrlər yaranan birliklərin də parçalanması və dağılması göstərdiyim qanunauyğun proseslərin məntiqi nəticəsi idi. Buraxılan səhvlər analiz edilmir, mövcud reallıqlar və şərtlər nəzərə alınmır. Qərarlar daxili müzakirələrdən keçmir, bir şəxsin iradəsinə bağlanır. Bir-birinə antaqonist qüvvələr, bir-birlərinə qarşı patoloji nifrəti olan siyasilər, yaxud iddiası ilə imkanları tərs mütanasib olanlar, təfriqəçilər, təhrikçilər, sağlar, sollar, mərkəzçilər və daha nə bilim kimlər bir də görürsən ki bir həftənin içində toplaşıb ittifaq, birlik, hərəkat elan edirlər.  Harda da ən pafoslu, təmtəraqlı adlar  var, adlandırırlar. Az keçməmiş məlum olur ki, bu yığışanların fəaliyyəti elə hay-küyçülükdən, avantüradan başqa bir şey deyil. AMİP buna görə birlik formatlarına ehtiyat və həssaslıqla yanaşır. Biz bu məsələyə fundamental və analitik yanaşırıq. Ona görə də bəzilərinin bundan xoşu gəlməsə də, təcrübə və nəticə dəfələrlə sübut edir ki, biz haqlı mövqedəyik. 
Mən yuxarıda sadaladığım neqativ halların olmasını səsləndirməklə heç də o demək deyil ki, iqtidar süddən çıxmış ağ qaşıqdı. Başlıca səbəbkar məhz iqtidarın siyasətidir. Mövcud siyasi sistemin fəsadlarıdır. Əgər ölkədə demokratik təsisatların inkişafına şərait yaradılarsa, siyasi sistemdəki neqativlər  aradan qaldırılarsa, hakimiyyətin mənbəyini doğrudan-doğruya xalqdan alınarsa mütərəqqi çox şeylər qazana bilərik. Mən optimistəm. İnanıram ki, gec-tez biz də bir dövlət və toplum olaraq dünyanın ən mütərəqqi və inkişaf etmiş ayrılmaz bir parçasına çevrilə biləcəyik.

Z.Məmmədli