Oktyabr ayının 19-da Milli Şura Bakıda razılaşdırılmamış mitinq keçirməyə cəhd göstərdi. Hüquq-mühafizə orqanları tərəfindən yürüşün qarşısı alınıb.

Millət vəkili Cavid Osmanov Unikal.org-a açıqlamasında bildirib ki, destruktiv müxalifətin bu addımı məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür: “Oktyabr ayının 19-da özlərinin demokratik qüvvələrin “Milli Şura” adlandıran təşkilat və AXCP üzvləri və xüsusən AXCP sədri Əli Kərimli insanları qanunsuz aksiya, mitinq keçirməyə dəvət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti qanuna müvafiq qayda da Lökbatan qəsəbəsində yer ayırmağına baxmayaraq onların sosial bazası olmadığından çalışdılar ki, Bakı şəhərinin mərkəzində və xüsusən metronun “28 May” stansiyası qarşısında insanların gur olan yerində və eləcə də ticarət mərkəzi və ali təhsil müəssisəsi olan ərazidə qarşıdurma yaratsınlar. Əslində onların məqsədi insanların normal gediş-gəlişini pozmaq, əmin-amanlığı və sabitliyi pozmaq idi". 

C. Osmanov deyib ki, Azərbaycanın əldə etdiyi uğurlar bu qüvvələri narahat edir:  “Bu nədən irəli gəlir? Onlar niyə belə bir ərəfədə qarşıdurma yaratmaq və sabitliyi pozmağa çalışırdılar? Birincisi biz bilirik ki, 2019-cu il insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində cənab prezident tərəfindən çoxsaylı islahatlar aparıldı. Minimum əmək haqqı və pensiyanın, əmək haqlarının artımı, problemli kreditlərin həlli ilə bağlı bir sıra sərəncamlar imzalandı, islahatlar həyata keçirildi. Bu da Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına istiqamətlənib.
İkinci bir tərəfdən oktyabr ayında cənab prezident İlham Əliyev həm Rusiyanın Soçi şəhərində keçirilən mötəbər “Validay” diskusiya klubunun plenar iclasında Ermənistanın baş naziri Paşinyanın sərsəm bəyanatların cavabını verdi. Və bu gündə Azərbaycanın milli ideyasına çevrilən “Qarabağ Azərbaycandır, və nida işarəsi”ni cənab prezidentimiz orda vurğulamışdır. Faktlarla sübut etmişdir Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və hər zamanda belə olacaqdır. Qarabağın Azərbaycansız heç vaxt müstəqil dövlət olmayacağını bəyan etmişdir.
Digər tərəfdən Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB ölkələrinin dövlət başçılarının müşavirəsində bir daha Ermənistanın separatçı rəhbərliyinin faşizm ideologiyasından çıxış etməsini onlara faktlarla sübut etdi. Bu da təbii ki, Əli Kərimlinin, Milli Şuranın, AXCP-nin və onların, eləcə də birbaşa himayədarları olan erməni lobbisinin, Azərbaycanı gözü götürməyən qüvvələrin xoşuna gəlməmişdir və onları çox qıcıqlandırmışdır. Təbii ki, belə olan halda onlar çalışdılar təcili olaraq ölkədə ictimai asayişi və sabitliyi  pozsunlar. Buna da qanunsuz aksiya keçirməklə öz məqsədlərinə çatmaq istəyirdilər. Belə hallara ilk növbədə Azərbaycan xalqı imkan verməz, çünki ora insanlar toplaşmadı. Az bir sayda özlərinin ətrafı toplaşdı. Eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanları çox qətiyyətlə qanunlar çərçivəsində onların müstəqilliyimizə və dövlətə qarşı olan qanunsuz çağırışlarının qarşısını aldılar”.

Orxan Həsənli