“Oktyabrın 19-da millətin əleyhinə olanlar, xarici havadarlarının sifarişi ilə Azərbaycanda sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək istəyənlər icazə verilmiş yerdə deyil, başqa yerdə aksiya keçirmək, polislə qarşıdurma yaratmaq istəyiblər”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, Milli Məclisin hər bir üzvü buna münasibət bildirməlidir: “Zaman, dövr dəyişib. Prezident İlham Əliyev qətiyyətli siyasət aparır, Azərbaycanın maraqlarını beynəlxalq tribunalarda yüksək səviyyədə qoruyur. Bu isə onları əndişələndirir. Azərbaycanın dindarlarından alət kimi istifadə etdiklərini bildirirlər, bunu ağalarına deyirlər. Prezident, Birinci vitse-prezident məscid tikdirir, bəs bunlar nə edir? Ona görə də hər kəs bunların qeyri-qanuni fəaliyyətinə münasibət bildirməlidir. Özü də təkcə millət vəkilləri yox, yaradıcı şəxslər, təşkilatlar da münasibətlərini ortaya qoymalıdır. Prezident tərəfindən onlara hər cür şərait yaradılıb. Onlar də dəstəklərini ortaya qoymalıdır”.

Novruzov hesab edib ki, bəzi deputatlar Milli Məclisin əleyhinə çıxış edirlər: "Həmkarım Fazil Mustafa mətbuata açıqlamasında deyib ki, islahatlar Milli Məclisdən başlamalıdır. Səbəb kimi də göstərir ki, sosial şəbəkədə fəaliyyət göstərməsinə Milli Məclis tərəfindən əngəlllər törədilir. Hansı deputatın sosial şəbəkədə olmasına qarşı çıxılıb? Jurnalistlərdən soruşuram, kimə hansı yazının dərc olunub-olunmaması ilə bağlı tapşırıq verilib? Kim hansı yazını istəyir, özü də yazır”.

YAP rəsmisi parlamentdə qəbul edilmiş qanunların sosial şəbəkələrin fəaliyyətinə mane olduğunu deyənləri yalançılıqda günahlandırıb: "Xaricdə oturub Azərbaycanın əleyhinə çıxanlara qarşı mübarizə aparaq, yoxsa burada belə fəaliyyət göstərənlərə? Milli Məclisin fəaliyyəti seçicilərin maraqlarını, dövlətçiliyi qorumaqdır, özünü yox. Milli Məclisin marağı spikerin, komitə sədrlərinin deyil, hamının marağıdır. Biri belələrinə münasibət bildirmir, deyir ki, onların səviyyəsinə düşməyəcək. Alimsən, alim səviyyəsində, yazıçısan, yazıçı səviyyəsində cavab ver. Həmkarlarımdan da xahiş edirəm ki, öz fikirlərini ölçülü-biçili bildirsinlər. Azərbaycanda internet, mətbuat azaddır, söz, fikir azadlığı var. Qanundan kənar heç kim bir addım belə ata bilməz”.