Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

ASC-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, sentyabrın 21-də “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb. Oktyabrın 22-də isə sədr müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan sakinləri qəbul edib.

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbullarda Biləsuvar, Cəlilabad, Cəbrayıl, Masallı və Yardımlı rayonlarından 52 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.