Bu günlərdə erməni mediası Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə qarşı kütləvi “hücum” təşkil edib.

Unikal.org moderator.az-a istinadən xəbər verir ki, Azər Xudiyevin UATV Ukrayna televiziyasına verdiyi müsahibə zamanı Azərbaycanla və Ukrayna arasındakı ticari əlaqələrin qədimliyi fikrini dilə gətirməsi, xüsusilə də Azərbaycanın Kiyev Knyazlığına müxtəlif məhsullar ixrac etməsi sözləri erməniləri “hərəkətə gətirib”. 

Azər Xudiyevin Azərbaycanı qədim dövlət kimi təqdimatından ciddi narahatlıq keçirən ermənilər, Kiyev Knyazlığı dönəmində Azərbaycan xalqının dövlətə malik olmadığını iddia edib. 

Erməni mediası iddia edib ki, “olmayan bir dövlətin” Kiyev Knyazlığına nə isə ixrac etməsi mümkün deyil.

Erməniləri narahat edən digər bir məqam isə Ukraynadakı səfirimizin Ukrayna-Azərbaycan dostluğunun keçmişinə, möhkəmliyinə diqqət yetirməsi, iki xalq və dövlət arasında münasibətlərin zamanla daha da inkişaf etdiyini vurğulaması olub. Məhz bu səbəbdən də Azər Xudiyevin müsahibəsində yer alan bəzi fikirləri təhrif edən ermənilər, Ukraynadakı səfirimizi tənqid etməklə, Ukrayna və dünya ictimaiyyətini Azərbaycanın qədim tarixə malik olmayan dövlət olduğuna inandırmağa çalışır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olmadığı, yalnız SSRİ-nin dağılmasından sonra meydana çıxdığı fikri erməni təbliğat maşınının ən çox istifadə etdiyi böhtanlardan biridir.

Qeyd edək ki, son günlər Azərbaycanın bir neçə informasiya saytları da erməni KİV-ləri ilə eyni vaxtda səfir Azər Xudiyevə qarşı qarayaxma kampaniyası başladıb.