Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

Bu barədə Unikal.org-a AMEA-dan məlumat verilib. 

Akademik Ramiz Mehdiyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirib. 

AMEA rəhbəri, həmçinin Akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanan digər sazişlərin həyata keçirilməsindən və mühüm nəticələrindən də söz açıb. 

Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən danışan alim həmin ənənələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə AMEA rəhbərinə öz təşəkkürünü bildirən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib.

Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.