Füzuli Ələkbərova yeni zərbə
Füzuli Ələkbərova yeni zərbə
Tibbi-sosial ekspert komissiyaları iki əsas hüququnu itirdi

Nazirlər Kabineti 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edib.
Nazirlər Kabinetinin rəsmi saytının verdiyi məlumata görə, dəyişikliyə əsasən, tibbi-sosial ekspert komissiyalarının ahılların özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilməsi barədə qərar qəbul etmək, eyni zamanda sosial xidmət müəssisələrinin rəhbərliyi ilə birgə ahılların evdə sosial xidmətdən imtina etmələrinə əsas verən qərar qəbul etmək hüquqları ləğv olunub.
Xatırladaq ki, tibbi sosial ekspert komissiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Onların iki səlahiyyətindən məhrum edilməsi isə həm də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova zərbə kimi dəyərləndirilməlidir.
Onu da yada salaq ki, dünənki sayımızda Füzuli Ələkbərovun bir müddət əvvəl təhsil naziri Misir Mərdanovun yaşadığı aqibəti yaşamaq üzrə olduğu barədə ehtimallarımızı və əldəki bilgilərimizi paylaşmışdıq. Vurğulamışdıq ki, məktəblərin tikintisindəki korrupsiya şübhələri və keyfiyyətsiz inşaat işləri sonucda bunun Misir Mərdanovun əlindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilməsi ilə sonuclandı. Eyni şübhələrin əlillər üçün mənzillərin və s. inşasında rastlanması Füzuli Ələkbərovun oxşar aqibəti yaşamasına gətirib çıxara bilər. Nazirin tikinti səlahiyyətlərinin də icra hakimiyyətinə verilib-verilməyəcəyini söyləmək çətindir, amma ümumilik də Ələkbərovun da Mərdanov taleyini yaşaya biləcəyinə dair iddialar yetərincə ağlabatan təsir bağışlayır.
Hələlik nazirin tikinti səlahiyyətlərinin əlindən alınmasından real bir xəbər olmasa da, onun tibbi sosial ekspert komissiyalarının iki hüququnu itirməsi yazdıqlarımızın gerçəkləşmə imkanlarının geniş olduğunun müjdəçisidir.

Ülviyyə Qasımlı