"Nə qədər ki, “məmur-oliqarx-biznes” anlayışı mövcuddur, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq."

Unikal.org xəbər verir ki, bu fikirlə Milli Məclisin deputatı Vahid Əhmədov İctimai televiziyada "Diqqət mərkəzi - Yekun" verlişində çıxışı zamanı bəyan edib. 

“Əgər sən məmursansa icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına yaşamalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə o zaman istefa ver və get biznesə”,-deputat əlavə edib.

Vahid Əhmədov habelə məmurlar üçün gəlir bəyannaməsinə toxunub: "Bu haqda parlament qanun qəbul edib. Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa məmurdan soruşarlar-sən öz biznesin üçün bu qədər pulu haradan almısan? Mən sizə açıq deyirəm-məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar. Ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır”.

V.Əhmədov hesab edib ki, dövlət büdcəsindən pul oğurlayan məmurlardan pulları geri almaq mümkün olmayacaq: "Bu məmurlar 28 il ərzində müxtəlif yollarla müəyyən əmlak və vəsaitlər əldə ediblər. Bu pulları onsuzda onlar qaytaran deyillər".