“Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Unikal.org Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib.

1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb.

2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib. Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur.

Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.