Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissələrdən birində ikisi zabit olmaqla 8 xidmət yoldaşını güllələyərək öldürən və üç hərbçini yaralayan əsgər Ramil Şamsutdinovun hadisəni törətməsinin səbəbi bilinib. 

Unikal.org xəbər verir ki, əsgərin hərbi hissədə müntəzəm olaraq alçaldılmasına və təhqir olunmasına, yəni “dedovşina”nın ifrat, vəhşi formasına cavab olaraq bu addımı atdığı təsdiqlənib. Hüquq-mühafizə orqanlarındakı mənbə bu gün oktyabrın 31-də lenta.ru-ya Şamsutdinovun hərbi hissədə necə alçaldıldığına dair videokadrları təqdim edib.

Kadrlara əsasən çılpaq soyundurulmuş əsgəri bir neçə dəfə başını unitaza salmağa məcbur edirlər, bundan sonra kadr arxasından kimsə unitazın düyməsini basıb suyu buraxır. Bundan əlavə videodan görünür ki, kafel döşəmənin üstünə uzadılmış çağırışçı Şamsutdinovun üstünə kimsə işəyir. Habelə əsgərin kürəyində döyülmə izləri görünür.

Xatırladaq ki, oktyabrın 25-də gecə növbəni dəyişərkən əsgər Şamsutdinov tabeçiliyindəki avtomat silahla ikisi zabit olmaqla 8 hərbçini güllələyib, daha 3 nəfəri yaralayıb. O, xidmət yoldaşlarını soyuqqanlıqla öldürüb, yaralıların başlarına kontrol atəş açıb. Daha sonra hərbi hissədən qaçsa da xüsusi təyinatlılar tərəfindən tutulub. Əsgər əməlindən peşiman olmadığını bildirib.