Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb.

Unikal.org nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

09:10

xxx

Qobustanda avtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94 km də, Qobustan rayon ərazisindən​ keçən ərazisində​ baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.