Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində keçirilən jurnalist gününə və Azərbaycan televiziya və radio işçiləri gününə həsr olunmuş «Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər» adlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin səmərəli inkişaf etdiyini qeyd edərək  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərləri zamanı iki ölkə arasında televiziya və radio yayımı sahəsində əməkdaşlığa dair imzalanmış sazişləri xatırladıb.

R. Abbasov həmçinin xatırladıb  ki, Prezident İlham Əliyev Çin Sinxua İnformasiya Agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Çin Sinxua İnformasiya Agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edərək, turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunun olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları  KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafının əsas mərhələlərindən, Çində mətbuatın tarixi, onun hazırkı vəziyyəti və inkişaf perspektivlərindən, Çin jurnalistikasının cəmiyyətdəki rolundan, həmçinin ölkənin aparıcı informasiya agentliklərinin fəaliyyətindən danışıblar.