Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirib.

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Qəsəbə və kəndlərdə yaşayan sakinlərlə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Rayon rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.

Abşeron RİH başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov, Saray bələdiyyəsinin sədri Natiq Tahirov hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Daha sonra qəsəbə sakinləri yeni salınan yaşayış massivlərində yol infrasrukturunun yaxşılaşdırılmasında, telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.