Özlərini DTX polkovniki, general kimi təqdim edərək, Qusar Rayon Xəstəxanasının baş həkimindən və digər şəxslərdən külli miqdarda pul alan 3 nəfərdən ibarət dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org xəbər verir ki, noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğluna, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğluna və 1978-ci il təvəllüdlü Elxan Hümbətova hökm oxunub. Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov 8 il, Elxan Hümbətov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işindən belə məlum olur ki, sözügedən şəxslər Qusar xəstəxanasının baş həkimi Mübariz Zeynalova qarşı əllərində rüsvayedici faktların olduğunu, xəstəxanadakı həkimlərdən birinin onun barəsində müvafiq orqanlara şikayət yazdığını bildirərək, onu şantaj ediblər. Dəstə üzvlərindən Rövşən Əliyev baş həkimə general kimi təqdim olunub. Əvvəlcə özünü sürücü kimi təqdim edən Elxan Hümbətov isə sonradan M.Zeynalova əslində guya DTX polkovniki olduğunu bildirib.Dəstə üzvləri müxtəlif ssenarilər qurmaqla baş həkimdən üst-üstə 125 min manat pul alıblar. 

Dəstə üzvlərinin yüksək vəzifəli şəxslərdən biri ilə bağlılığı olub. Məhkəmə iclaslarında bu işdə iştirakı olan əsas şəxslərdən biri kimi Ələkbər Həsənovun adı çəkilib. İşdə adı dəfələrlə hallanan, “Nüfuzlu Həsənovlardandır”, “Hörmətli Ələkbər müəllim” kimi təqdim edilən Ələkbər Həsənovun hazırda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovun qardaşı olduğu bildirilir. Onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, məlum olub ki, Ələkbər Həsənov ölkəni tərk edib. Əvvəllər Daxili İşlər Nazirliyində vəzifə tutmuş Ə.Həsənovun sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamenti olub. 
Qeyd edək ki, ibtidai istintaqı DTX-nın Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işindəki əsas fiqur, baş həkimə qarşı bu planın əsas təşkilatçısı və icraçısı hesab olunan Elxan Hümbətov da sabiq baş prokurorun yaxın qohumudur. Belə ki, Elxan Hümbətov Eldar Həsənovun doğma bacısı oğludur.